Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dünyada qızılın qiyməti rekord həddə bahalaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 3,35% artaraq 5 100,46 ABŞ dollarına bərabər olub.
Ekspertlərin qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Amma əsas fikir odur ki, qızıl ucuzlaşmayacaq.
Azərbaycanda qızıl bazarını bu vəziyyətdə nə gözləyir?
Ekspertlərin fikrincə, qızılın dünya bazarında rekord səviyyə bahalaşması ciddi geosiyasi risk, investorların təhlükəsiz aktiv axtarışı və mərkəzi bankların qızıl alışına bağlıdır.
Hazırda aparıcı maliyyə institutlarının 2026-cı il üçün qızıl qiyməti ilə bağlı orta və uzunmüddətli proqnozları aşağıdakılardır:
J.P. Morgan-6 300 dollar, Deutsche Bank-6 000 dollar, UBS-6 200 dollar, Goldman Sachs- 4 900 dollar, Bank of America (BoA)-5 000 dollar, Dünya Bankı -3 575 dollar proqnozunu verirlər.
Tələb və tədarük dinamikasına baxdıqda 2025-ci ildə qızıl üçün qlobal tələb rekord səviyyəyə çatıb: 5 002 ton! Bu, əsasən investor və ETF tələbi sayəsində baş verib.
Zərgərlik mallarına tələb isə yüksək qiymətlər səbəbindən azalıb.
Qızıl qiymətinə təsir edən makro amillər hansılardır?
Geosiyasi qeyri-müəyyənlik (müharibələr, regional gərginliklər) investorları qızıl alışına yönləndirir. Makroiqtisadi amillər sırasında mühüm yer ABŞ tutur. Bu ölkənin Federal Rezervi pul siyasəti, faiz dərəcələri və dolların gücü qiymətləri birbaşa təsir edir. Ciddi faiz artımı qızıla təzyiq edə bilər.
Faiz dərəcələrinin endirilməsi isə uzunmüddətli yüksəlişi dəstəkləyir. Üstəlik Mərkəzi banklar hələ də qızıl ehtiyatlarını artırırlar, bu trend daha da qiymətləri dəstəkləyir. Ekspertlərin sözlərinə görə, son dövrdə qiymətlərdə dalğalanmalar olub. Bunun səbəbi bazar reaksiyaları və spekulyativ hərəkətlərdir.
Azərbaycan qızıl bazarının xüsusiyyətləri necədir?
Bu ilin əvvəlinə olan sonuncu hesabata görə, Neft Fondun ümumi aktivlərinin 38,2%-i qızılda saxlanılır. Fondda saxlanılan qızılın ümumi miqdarı isə 200 ton təşkil edir. Mərkəzi Bankın bu gün açıqladığı məlumatda qızılın bir qramının qiyməti 256,5 manat göstərilib.
Azərbaycan daxilində qızıl həm investisiya aktividir, həm də zərgərlik bazarında ticarət olunur. Spot qiymətlər dünya bazarına paralel olaraq milli valyutada da bahalaşır.
Ölkədə daxili qızıl istehsalı və ixracı artım tendensiyasını göstərir. 2024-də istehsal 2 663 kg səviyyəsində olub. Bu, yerli bazara müəyyən dəstək verir. Qlobal qiymət artımı nəticəsində Azərbaycanda daxili qiymətlər yüksəlir.
Baha qiymətlərin riskləri nədən ibarətdir?
Dünya iqtisadiyyatı yavaşlaya bilər, faiz dərəcələri artırıla bilər, dollar güclənə bilər. Odur ki, maliyyə ekspertləri dversifikasiya tövsiyə edirlər: Qızıl investisiyanın yalnız bir hissəsi olmalıdır. Çünki makro hadisələr Fed siyasəti, geopolitik hadisələr qiymətə təsir edəcək.
Dünya bazarında qızıl hələ də “təhlükəsiz liman” aktividir və uzunmüddətli perspektivdə bahalaşma meyli davam edə bilər. Azərbaycan bazarına bu təsir birbaşa təsir edir yerli qiymətlər yüksəlir və investor marağı artır.
Sunay AYDIN
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.