RU

Müdafiə Nazirliyində arxiv qalmaqalı – məhkəmə başlayır

Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Rauf Malışov təmsil edir. Ruhin Tağıyevin müdafiəsini isə Vəkillər Kollegiyasının üzvləri Orxan Hacıyev və Aydın Hacıyev həyata keçirir. Zərərçəkmiş qismində Müdafiə Nazirliyi tanınıb, nazirliyin nümayəndəsi kimi Təbriz Akvayev prosesdə iştirak edir. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili Orxan Hacıyev kütləvi informasiya vasitələrinin məhkəmə iclaslarında iştirakına məhdudiyyət qoyulması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, məhkəmə baxışı zamanı Ruhin Tağıyevin ailə və peşə sirləri ilə bağlı məlumatlar səslənə bilər və bu məlumatların yayılması arzuolunan deyil. Təqsirləndirilən şəxs də vəkili ilə razı olduğunu bildirib. Dövlət ittihamçısı isə qeyd edib ki, məhkəmə iclası açıq keçirilir və qanunvericiliyə əsasən istənilən şəxs prosesdə iştirak edə bilər. Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti baxılmamış saxlayıb. Hakim Günel Səmədova bildirib ki, zərurət yaranacağı təqdirdə bu məsələyə sonradan yenidən baxıla bilər. Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və məhkəmə istintaqı mərhələsində araşdırılmasını təklif edib. Tərəflər bu təklifə etiraz etməyiblər. Hakimlər hazırlıq iclasının qərarını elan edərək cinayət işini məhkəmə baxışına veriblər. İş üzrə baxış iclası fevralın 18-nə təyin olunub.

Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində çalışdığı dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi ilə bağlı Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və ibtidai istintaq tamamlanıb. İstintaqla müəyyən edilib ki, Ruhin Tağıyev 2021-2023-cü illərdə vəzifədə olduğu müddətdə ona müraciət etmiş hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz daxil edib, bunun əsasında xəsarət almaları barədə arayışlar verib.

Bu xidmətlər müqabilində isə bir neçə şəxsdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində alıb. Bundan başqa, təqsirləndirilən şəxsin hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1-ci (nüfuz alveri), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
4
14
veteninfo.az

10Источники