RU

Gizli hərbi dəstək iddiaları: Çin İran üçün nə hazırlayır?

Yaxın Şərqdə mövcud olan mürəkkəb geosiyasi vəziyyət fonunda böyük güclər arasında rəqabətin daha açıq müstəviyə keçdiyi müşahidə olunur. Bu kontekstdə Çin və İran arasında münasibətlərin hərbi-texniki müstəvidə dərinləşməsi ilə bağlı yayılan məlumatlar beynəlxalq mediada ciddi maraq doğurur və regionda təhlükəsizlik balansına mümkün təsirləri baxımından diqqətlə izlənilir.

Politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan bildirib ki, Çinlə İran arasındakı münasibətlər yeni deyil və uzun illərdir formalaşıb:

“İranda şah rejimi süqut etdikdən sonra iki ölkə arasında energetika sahəsində, xüsusilə neft-kimya məhsulları, infrastruktur və sənaye istiqamətlərində əməkdaşlıq qurulub. Bu gün İran hakimiyyəti üçün əsas siyasi və iqtisadi dayaqlardan biri Çindir. Müəyyən mənada Pekin Tehran üzərindən Yaxın Şərqdə ABŞ və Qərbin təsirinə qarşı mövqe nümayiş etdirir və bununla da İranı Qərbin tətbiq etdiyi sanksiyaların ağır nəticələrindən qismən qoruyur”.

Sədrəddin Soltan bildirib ki, müxtəlif mənbələrdə Çinin İrandan kölgə donanması vasitəsilə neft aldığına dair məlumatlar da yer alır:

“2021-ci ilin martında iki ölkə arasında 25 il müddətinə əhatəli strateji tərəfdaşlıq sazişi imzalanıb və tərəflər qarşılıqlı investisiyaların həcmini 300–400 milyard dollar səviyyəsinə çatdırmağı hədəfləyirlər. Çinlə İran arasında hərbi-texniki əməkdaşlıq da sirr deyil.Ötən ilin yayında baş vermiş və 12 gün davam edən İran, ABŞ və İsrail arasında gərginlikdən sonra Tehran hakimiyyəti hərbi arsenalını əsasən Çin istehsalı olan texnika hesabına yeniləməyə başlayıb. Çünki həmin dövrə qədər İran daha çox Rusiyadan silah və hərbi texnika, xüsusilə hava hücumundan müdafiə sistemləri alırdı”.

Onun sözlərinə görə, müharibə ərəfəsində Moskva İrana vəd etdiyi bəzi silah və hərbi avadanlıqları çatdırmadı və bu da Tehran tərəfindən narazılıqla qarşılandı:

“Nəticədə İran strateji baxımdan hərbi əməkdaşlıq istiqamətini şərqə yönəltdi. Çinlə İran arasında müasir hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və digər hərbi texnika ilə bağlı razılaşmalar mövcuddur və bunu İran rəsmiləri də açıq şəkildə təsdiqləyiblər. Ehtimal olaraq, bəzi hərbi texnika və silah-sursat İrana qeyri-rəsmi kanallar vasitəsilə də ötürülə bilər. Müharibələr eyni zamanda yeni silahların sınaq meydanıdır və istisna deyil ki, Çin ABŞ-ın F-35 qırıcılarının fəaliyyətini məhdudlaşdıra biləcək texnologiyaları mümkün İran–ABŞ qarşıdurması kontekstində sınaqdan keçirmək istəsin”.

Sonda politoloq vurğulayıb ki, bütün hallarda Çin və İran arasında hərbi sahədə əməkdaşlıq real faktdır və bu proses nə uydurmadır, nə də tam gizli xarakter daşıyır. Çin İranın hərbi-texniki imkanlarının gücləndirilməsində mühüm rol oynayır.

//Gülnarə Abasova, Editor.az

Избранный
37
editor.az

1Источники