BAKI, 4 fevral. TELEQRAF
Ötən ilin dekabrında uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib.
Bu barədə Teleqraf-a Mərkəzi Bankdan verilən məlumat verilib:
"Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. 2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub. Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb".