Azərbaycanda ən az və ən çox işçisi olan icra hakimiyyətləri məlum olub.
NOCOMMENT.az xəbər verir ki, ən az ştat vahidi 30, ən çox isə 155 nəfər müəyyənləşib.
Bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.
Belə ki, ölkədə ən az ştat vahidinə malik olan Naftalan Şəhər İcra Hakimiyyətidir ki, burada ştat vahidlərinin cəmi sayı 30-dur.
Paytaxt üzrə təsdiq edilən yeni nümunəvi struktura əsasən, Bakının hər bir rayon icra hakimiyyəti aparatında 40 ştat vahidi müəyyənləşib.
Naxçıvan, Lənkəran, Şəki və Yevlax şəhərləri icra hakimiyyətlərində də ştat vahidlərinin sayı 40-dır.
Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyətlərində 43 ştat vahidi mövcuddur.
Siyahıya paytaxt liderlik edir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ştat vahidlərinin sayı 155-dir. İkinci yerdə 75 ştat vahidi ilə Gəncə, üçüncü yerdə isə 64 ştat vahidi ilə Sumqayıt şəhər icra hakimiyyətləridir.
Ölkədə digər rayon icra hakimiyyətlərində 38 ştat vahidi müəyyənləşib. (İqtisadiyyat.az)