RU

İran katerləri Hörmüz boğazında ABŞ bayrağı altında üzən tankere yaxınlaşıb

BAKI, 4 fevral. TELEQRAF

İranın silahlı katerləri Oman sahillərinin şimalında, Hörmüz boğazında ABŞ bayrağı altında üzən “Stena Imperative” tankerinə yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə dənizçilik mənbələri və risklərin idarə edilməsi üzrə ixtisaslaşmış qurum məlumat yayıb.

Məlumata görə, İran katerləri tankerdən mühərriki söndürməyi və yoxlama üçün hazırlaşmağı tələb ediblər. Lakin tanker sürətini artıraraq yoluna davam edə bilib. Bildirilir ki, gəmi İranın daxili ərazi sularına daxil olmayıb və ABŞ hərbi gəmisi tərəfindən müşayiət olunub. ABŞ rəsmisi də tankerin ABŞ bayrağı altında üzməsini təsdiqləyib.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları xidməti Oman sahillərindən təxminən 16 dəniz mili şimalda silahlı katerlər qrupunun bir gəmini ələ keçirməyə cəhd göstərdiyini açıqlayıb. Qurum hadisənin Hörmüz boğazının giriş hissəsində baş verdiyini və araşdırıldığını bildirib.

İranın yarırəsmi “Fars” agentliyi isə adını açıqlamadığı rəsmi şəxslərə istinadla xəbər verib ki, bir gəmi lazımi hüquqi icazələr olmadan İranın ərazi sularına daxil olub, xəbərdarlıq edilib və “xüsusi təhlükəsizlik insidenti baş vermədən” ərazini tərk edib.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir. Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq kimi OPEK üzvləri xam neft ixracının böyük hissəsini məhz bu boğaz vasitəsilə, əsasən Asiya bazarlarına göndərir. Son illərdə bölgədə gərginlik fonunda İran tərəfindən boğaz ərazisində bir neçə gəminin saxlanıldığı da xatırladılır.

Избранный
33
teleqraf.com

1Источники