Estoniya Vergi-Gömrük Departamentinin İstintaq şöbəsinin əməkdaşları polis və Hərbi Dəniz Qüvvələri ilə birgə ölkənin daxili sularında Ekvadordan qaçaqmalçılıqla əlaqəli ola biləcək konteynerdaraşıyan gəimini saxlayıb.
"Report" xəbər verir ki, bu barədə ERR telеradiosu məlumat yayıb.
"Çərşənbə axşamı günü saat 17:10-da Nayssaar adası yaxınlığında birgə əməliyyat zamanı Rusiyaya gedən, Baham adaları bayrağı altında üzən "Baltic Spirit" yük gəmisi saxlanılıb və gəminin qaçaqmalçılıq üçün istifadə oluna biləcəyinə dair əsaslar var", - məlumatda deyilir.
"K-Commando"nun xüsusi təyinatlıları konteynerdaraşıyanın göyərtəsinə qalxandan sonra gəmi gömrük nəzarətinə götürülüb.
Ekipaj müqavimət göstərməyib. İstintaq davam edir.
Estoniya sularına yanacaq doldurmaq üçün daxil olan gəmi Ekvadordan Sankt-Peterburqa gedirdi. Məlumata görə, gəmi Rusiyanın kölgə donanmasının tərkibinə və Avropa İttifaqının sanksiya siyahısına daxil deyil.