"Azpulmat", "Manato" kimi kredit təşkilatları artıq bir çoxları üçün qorxulu reallığa çevrilib. İnsanlar sələmçilərin toruna düşməmək üçün bu xidmətlərə üz tuturlar. Lakin bəzi hallarda vəziyyət daha da çətinləşir.
"Yeni Sabah" xəbər verir ki, vətəndaşlar iddia edirlər ki, bu xidmətlərin faizləri çox yüksəkdir. Məsələn, 500 manat götürəndə, bir ay sonra 710 manat ödəmək laızm olur. Gecikmə halında faizlər 2-3 dəfə artır.
Üstəlik, vətəndaşların kontakt məlumatları ələ keçirilərək tanışlarına borc haqqında məlumat verilir.
Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli vurğulayıb ki, bu qurumların resursları banklarla müqayisədə fərqlidir:
"Bank olmayan kredit təşkilatlarının pulunun dəyəri banklardakı kimi aşağı olmur. Bank olmayan kredit təşkilatı birbaşa olaraq vətəndaşlardan pul cəlb edə bilmir, depozit cəlb edə bilmir. Onun resursları məhduddur və əsasən banklardan götürdüyü kreditləri vətəndaşlara kredit kimi verməklə məşğuldur".
Bəs vətəndaşların icazəsi olmadan onların məlumatlarını ələ keçirmək və paylaşmaq hansı məsuliyyəti yaradır?
Mövzunun hüquqi tərəflərini isə hüquqşünas Vüsal Cəfərov belə izah edib:
"Müştəri haqqında məlumatlar, müştərinin adı, hesab üzrə aparılan əməliyyatlar və s. hamısı bank sirri hesab olunur. Bank olmayan kredit təşkilatları və yaxud bankla bağlanılan kredit müqavilələri üzrə borcun digər şəxslərdən, ailə üzvlərindən, qonşulardan və s. tələb olunması tamamilə qanunsuzdur. Çünki kredit müqaviləsi üzrə məsuliyyəti ancaq borclu daşıyır".
Telegram kanalımız