Mütəxəssislər bildirirlər ki, uşaqların dərslərindəki uğursuzluqlarının səbəbi təkcə dərs oxumamaqdan qaynaqlanmır. Bu hal çox vaxt pozulmuş yuxu rejimi ilə bağlı olur. Qulaq-burun-boğaz və yuxu üzrə mütəxəssis, professor Vural Fidan yarımillik tətil dövründə yuxu saatları pozulan şagirdlərin məktəbə daha rahat uyğunlaşması üçün yuxu vaxtının bir neçə gün ərzində hər gün 15-20 dəqiqə erkənə çəkilməsini tövsiyə edir.
Həkim bildirib ki, tətil zamanı pozulan yuxu rejimi qəfil deyil, tədricən bərpa edilməlidir. Araşdırmalara görə, tətil dövründə uşaqların 60 faizindən çoxunda gec yatmaq vərdişi formalaşır. Üst tənəffüs yolu xəstəlikləri və evdə daha çox vaxt keçirilməsi də yuxu rejiminə mənfi təsir göstərən amillərdəndir.
Mütəxəssis diqqətə çatdırıb ki, tətil dövründə ev şəraitində telefon, planşet və televizor kimi rəqəmsal alətlərdən istifadə orta hesabla 40 faizə qədər artır. Bu da uşaqlarda ekran asılılığının formalaşmasına səbəb olur. Professor Fidan bildirib ki, məktəb dövrü başlamazdan əvvəl bu vərdiş mütləq məhdudlaşdırılmalıdır.
Elmi tədqiqatlara əsasən, gündəlik ekrana baxmaq müddəti 2 saatı keçən uşaqlarda yuxuya getmə vaxtı uzanır, gecə oyanma halları artır və ümumi yuxu müddəti azalır. Fidan qeyd edib ki, xüsusilə axşam saatlarında məruz qalınan mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldır və bu, uşaqlarda yuxuya getmə müddətini 30-40 faiz artırır.
Yuxu çatışmazlığının diqqətə və digər zehni qabiliyyətlərə ciddi təsir göstərdiyini vurğulayan Fidan bildirib ki, elmi məlumatlara əsasən, yetərincə yuxu almadıqda uşaqlarda diqqət müddəti təxminən 25 faiz, akademik göstəricilər isə 15-20 faiz azalır. Onun sözlərinə görə, dərsin dərsdə mənimsənilməsi üçün sağlam yuxu rejimi əsas şərtlərdən biridir.
Mütəxəssis yuxuya getməzdən ən azı 2 saat əvvəl elektron cihazlardan istifadəni dayandırmağın vacibliyini vurğulayaraq, bu məsələdə əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü qeyd edib.
Professor Vural Fidan uşaqlarda sağlam yuxu rejiminin formalaşdırılması üçün aşağıdakı tövsiyələri verir:
Uşaqları hər səhər eyni saatda oyadaraq bioloji saatı tənzimləmək
Yatağa ac getməmələrinə diqqət etmək
Yatmazdan 1-1,5 saat əvvəl onlara ilıq süd içirtmək
Yataq otağını sakit, qaranlıq və 23-24 dərəcə temperaturda saxlamaq
Ən gec saat 22:00-də yatmağı vərdiş halına salmaq
Yuxu öncəsi hərəkətli oyunlar əvəzinə sakit fəaliyyətlərə üstünlük vermək
Yatmazdan əvvəl ilıq duş qəbul etdirmək
Kompüter oyunları və aktiv məzmunlu videolardan uzaq tutmaq
Yuxudan əvvəl kitab oxuma vərdişi formalaşdırmaq
Mütəxəssis bildirib ki, müntəzəm yuxu rejimi və nəzarətli ekran istifadəsi şagirdlərin ikinci yarımilə daha enerjili və hazır başlamasına kömək edir.
Şahnigar Əhmədova, “İki sahil”