RU

Abraham “Beşiktaş”ın ən baha qiymətə satdığı ikinci oyunçu oldu

Məlum olduğu kimi, Temmi Abrahamın Türkiyə karyerası cəmi 7 ay çəkdi. Tanınmış ingiltərəli forvard qış transfer dönəmində vətəninə qayıtmağa qərar verdi və sabiq klubu “Aston Villa” ilə 4,5 illik müqavilə imzaladı.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi təcrübəli futbolçunu mövsümün əvvəlində “Roma”dan 2 milyon avroya icarəyə götürmüşdü. Bu satışdan öncə “qartal” italyanlara daha 13 milyon avro ödəyərək Abrahamı daimi əsasda transfer etdi.

Bu hadisədən 24 saat sonra isə 28 yaşlı hücumçu 21 milyon avro qarşılığında Birmingem klubuna satıldı. Türkiyə karyerasında 26 rəsmi oyuna çıxaraq 13 qol vuran Abraham “Beşiktaş”ın ən baha qiymətə satdığı ikinci futbolçu kimi klub tarixinə düşdü. “Ağ-qaralar” bundan baha qiymətə yalnız Cenk Tosunu satmışdılar. Bu futbolçu 2018-ci ildə 22 milyon avro qarşılığında “Everton”a yollanmışdı. Bu siyahının 3-cü pilləsində isə ötən yay 20,7 milyon avroya “Spartak”a yollanan Jedson Fernandeş qərarlaşıb.

Ümumiyyətlə, “Beşiktaş”ın bu mövsüm oyunçu satışından əldə etdiyi məbləğ diqqəti çəkir. Abrahamla Fernandeşdən əlavə Dəmir Ege Tıknaz da bir müddət öncə 7 milyon avro qarşılığında Portuqaliya təmsilçisi “Braqa”ya yollanıb. Klub təkcə bu üç futbolçunun satışından 48,7 milyon avro qazanıb! Ümumilikdə isə bu mövsüm “ağ-qaralar” 13 futbolçu ilə vidalaşıb və 71 milyon avro əldə edib.

Maraqlıdı ki, bu qazancın fonunda “Beşiktaş” hələ də bu qış “dişə vurulası” bir transfer reallaşdıra bilməyib. Komandanın maraqlandığı futbolçularla ya pul məsələsində anlaşmaq mümkün olmur, ya da onlar Türkiyədə oynamaqdan imtina edirlər.

Bu arada Abrahamın “Aston Villa”ya transferinin bir parçası kimi “Beşiktaş”a verilən Yasin Özcanın keçidinin detalları bəlli olub. Gənc müdafiəçi ilə “1+4” illik müqavilə imzalanıb. O, ilk mövsümdə “Beşiktaş”da icarə əsasında oynayacaq və sonradan onunla məcburi dördillik müqavilə imzalanacaq.

19 yaşlı müdafiəçi “Kasımpaşa”da oyunu ilə diqqəti çəkdikdən sonra 2025-in yayında 7 milyon avroya “Aston Villa”ya transfer olunmuşdu. İngilislər mövsümün ilk dövrəsində onu “Anderlext”ə icarəyə yollamışdılar. Yasin Türkiyəyə geri dönməyə razı olunca “Anderlext”lə müqavilə ləğv edildi və istedadlı futbolçu “Beşiktaş”a göndərildi.

Ancaq fanatlar daha ciddi transferlər gözləyir. “İnter”li Kristian Asllani və “Vest Hem”in qapıçısı Alfonso Areola ilə danışıqlar davam edir.

“Lokomotiv”in mərkəz müdafiəçisi Sezar Montes üçün irəli sürülən 7 milyon avroluq təklif geri çevrilib. Moskva təmsilçisi meksikalını bu qiymətə satmağa razı olmayıb və daha böyük təklif gözləyir.

Избранный
27
football-plus.az

1Источники