
Fevralın 2-də Azərbaycan dövlət başçısı İlham Əliyev Əbu-Dabiyə səfər edərək, burada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanla görüşüb. Liderlərin görüşü zamanı ölkələr arasındakı ikitərəfli əlaqələrin inkişafına toxunulub, o cümlədən siyasi, iqtisadi, mədəni və enerji istiqamətlərindəki inkişafdan geniş bəhs olunub. Həmçinin hər iki dövlət başçısının Azərbaycan və BƏƏ-yə qarşılıqlı səfərlərinin önəmi qeyd olunub.
Deyə bilərik ki, bu səfər Azərbaycanın dəyişən qlobal siyasi mənzərədə öz yerini necə möhkəmləndirdiyinin növbəti göstəricisi oldu. Buradakı görüşlər bir daha sübut etdi ki, Bakı regional və beynəlxalq tərəfdaşlıqlarını yalnız söz üzərində deyil, konkret addımlar üzərində qurur.
Bundan əlavə Prezidentlərin görüşündə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunulub, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.
Fevralın 3-də Azərbaycan və BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə baş tutan təlimi İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nahyan şəxsən izləyib. Təlimin məqsədi ölkəmizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqları təkmilləşdirmək və bu istiqamətdə iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsi aparmaq olub.
Artıq strateji xarakter alan Azərbaycan-BƏƏ əməkdaşlığı şübhəsiz ki, hər iki ölkənin beynəlxalq aranedakı mövqelərini də gücləndirəcək.
Qeyd edək ki, bu cür təlimlər əvvəllər Azərbaycan və Türkiyə silahlı qüvvələrinin hərbi qulluqçuları arasında keçirilirdisə, artıq indi ölkəmiz BƏƏ ilə bu cür təlimlər keçirərək, strateji tərəfdaşlıq imkanıarınl daha da genişləndirir. Digər tərəfdən isə ordumuzun peşəkarlığını daha da artırır. Bu cür təlimlərin vaxtaşırı keçirilməsi mühüm önəm kəsb etməyə bilməz. Çünki dünyada gedən siyasi proseslər artıq dəyişib və dünyanın ən böyük gücləri belə ordularını daimi təkmilləşdirməyə davam edir. Bu səbəbdən Azərbaycan ordusu hərbi büdcəyə geniş vəsait ayırır və ordunun günü-gündən təkmilləşdirilməsi üçün müvafiq addımlar atır.
Bir sözlə, hərbi büdcəyə ayrılan vəsait, aparılan islahatlar və beynəlxalq təlimlər bir məqsədə xidmət edir: güclü, çevik və peşəkar ordu formalaşdırmaq. Azərbaycanın Əbu-Dabi ilə əlaqələri bu yanaşmanın düzgünlüyünü bir daha təsdiqləyir.
Bu səfər bir daha göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müasir qlobal reallıqlara uyğun şəkildə qoruyur.
Daşqın Həsənov
Missiya.Az