RU

"Qarabağ" israrlı, "Neftçi" və "Sabah" iddialıdır - Gərginlik artır!

"Qarabağ" çempionluq titulunu asanlıqla əldən verənə oxşamır.

Qurban Qurbanov ağır Liverpul səfərində meydanda olan 11-liyi 3 gün sonra Turan Tovuz"la görüşdə meydana buraxmaqla bunu demiş oldu.

Adətən təcrübəli mütəxəssis belə məqamlarda ikinci heyətə güvənməklə əsas heyət üzvlərinə istirahət vermiş olur.

Deməli, o da fərqindədir ki, budəfə çempionluq asan əldə olunmayacaq.

İkinci heyətə çox da bel bağlamaq olmaz. Çempionluq mübarizəsi ehtiyat qüvvənin üzərinə götürə biləcəyi yük deyil. Mütləq Zubiri, Medinası, Elvini, Markosu meydanda olmalıdır.

82-ci dəqiqəyə qədər yalnız bir əvzetemənin həyata keçirilməsi bunun mesajı sayıla bilər.

Elvin Cəfərquliyev, Marko Yankoviç, Leandro Andrade tam gücdən düşüb, ardıcıl texniki səhvlərə yol verəndə üçlü dəyişiklik gəldi.

Qurbanovun imkanı olsaydı, həmin anda bütün heyəti əvəzləyərdi.

Komanda o qədər yorğun, tükənmiş görünürdü.

Əbəs deyil ki, asan qələbə qazanılmadı. Hətta oyunda daha real qol imkanlarına sahib tərəfin qonaqlar olduğunu deyə bilərik. Birinci yarıda İbrahim Vadjinin zərbəsi tirdən qayıtdı. Son dəqiqələrdə isə möcüzəvi şəkildə top Koxalskinin qoruduğu qapıdan keçmədi.

İstənilən halda vacib olan qələbə idi, ağdamlılar onu çətinliklə də olsa qazandı.

"Turan Tovuz" isə 2026-cı ildə aldığı ilk məğlubiyyətlə çempionluq şanslarını birə beş azaltmış oldu. İndi tək hədəf ilk dördlükdə yer alıb avrokuboklara getmək sayıla bilər.

Kurban Berdiyevin qışdan sonra müdafiəni bir qədər irəlidə qurduğunu, hücumda daha çox olmağı oyunçulardan tələb etdiyini deyə bilərik.

Həm "Sumqayıt", həm də "Qarabağ"a qarşı bölgə klubu orta xətdə daha çox qalmağa cəhd etdi.

Deyəsən, türkmənistanlı çalışdırıcı bir qədər gec olsa da başa düşüb ki, bütün görüşləri arxada qapanmaq, uzun ötürmələrə bel bağlamaq uğur gətirməyəcək. Hətta nisbətən yenilən sistem belə yaxşı gələcəyə qarant deyil.

Turun mərkəzi qarşılaşması həm də baş hakim Elçin Məsiyevin uğursuz idarəçiliyi ilə yadda qaldı. Tez-tez oyunu dayandırması birinci yarıda Qurban Qurbanovu da özündən çıxardı.

Xüsusilə İbrahim Vadjiyə verilməyən qırmızı vərəqə və "Qarabağ"ın vurduğu qol zamanı yaranmış ofsayt şübhələri müzakirələrə açıqdır.

18-ci tur "Neftçi"nin də parlaq qələbəsi ilə yadda qaldı.

Yuri Vernidubun yetirmələri "Araz-Naxçıvan"a şans tanımadı - 4:0.

Açığı, "ağ qaralar"ın sonuncu dəfə belə parlaq qələbəsini xatırlamıram. Bunu irəliyə doğru ciddi addım saymaq olar.

Qazanılan 3 xal həm də ilk üçlük şanslarını bir xeyli artırdı.

Eyni sözləri "Sumqayıt"a da aid etmək olar. Yevlax səfərində 3 xala sevinən "kimyaçılar" asanlıqla avrokuboklar uğurunda mübarizədən uzaqlaşana oxşamadığını göstərmiş oldu.

"Sabah" fırtınası isə davam edir.

5 aydı məğlub olmayan "tələbələr" Zirə səfərində ardıcıl 6-cı qələbəsini qazandı. Bunun üçün 27 dəqiqə bəs etdi. Aleksey İsayev ötürmələri sıraladı, Simiç, Lepiniça və Xəyal da qolları.

Hazırda liqanın ən yaxşı futbolunu oynadan Valdas Dambrauskas sona qədər "Qarabağ"a problem yaradacaq kimi görünür.

Bu komanda çempion olsa, heç kim təəccüblənməsin.

Qısası, Premyer Liqanın 18-ci turu həm çempionluq mübarizəsini, həm də avrokuboklar uğurunda döyüşü bir qədər də alovlandırmış oldu.

XANOĞLAN /SPORTİNFO.AZ

Избранный
22
sportinfo.az

1Источники