2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə Yeni Klinika, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Yeni Klinika Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində görüş təşkil olunub.
“Gələcək Bizik” adlı sosial layihə çərçivəsində baş tutan görüşdə Yeni Klinikanın rəhbərliyi, tibb və qeyri-tibb heyəti iştirak edib.
Tədbirin əsas məqsədi gənclərə, həssas sosial qruplara tibbi və mənəvi dəstəyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının təşviqi, eyni zamanda sosial məsuliyyət dəyərlərinin təbliği olub.
Görüş zamanı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə təşkilat üçün təsis edilən binanın açılış mərasiminin 2025-ci ilin mart ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə keçirildiyini diqqətə çatdırıb. O, həssas qrupdan olan və valideyn himayəsindən məhrum, zorakılığa məruz qalmış uşaqların dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
K.Ağazadə sığınacaqda zorakılığa məruz qalmış 50-yə yaxın uşağın reabilitasiya prosesindən keçdiyini qeyd edərək, göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O, bu kimi görüşlərin uşaqların psixoloji rifahına, həmçinin onların gələcəyə inamının formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Görüşdə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, Yeni Klinika yalnız yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi ilə kifayətlənmir, eyni zamanda sosial təşəbbüslərdə fəal iştirak etməyi və gənclərin inkişafına töhfə verməyi prioritet istiqamət kimi müəyyən edib.
Direktor uşaqların sağlam, savadlı və sosial baxımdan aktiv yetişməsinin cəmiyyətin əsas vəzifələrindən biri olduğunu qeyd edib.
Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva sığınacaqda yaşayan qadınların və uşaqların tibbi müayinələrinin həyata keçirilməsi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını bildirib.
Görüş zamanı həmçinin gələcək əməkdaşlıq imkanları, o cümlədən ilkin tibbi yardım üzrə maarifləndirici təlimlərin təşkili məsələləri müzakirə olunub.
Tədbirin sonunda Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin sakinlərinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
































