Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayı 2027-ci ildə keçiriləcək.
Bu barədə Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, növbəti qurultay 2027-ci ilin yay-payız aylarında baş tutacaq:
“Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.
Xatırladaq ki, hazırkı sədr Xalq yazıçısı Anar Rzayev son qurultayda növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib.
Anar Rzayev uzun illər qurumun rəhbəri kimi fəaliyyət göstərmiş, həm yerli, həm də beynəlxalq səviyyədə nüfuz qazanmışdır. Onun istefası ilə yeni sədrin kim olacağı sualı aktuallaşır və gözləntilər yüksəkdir.
“Cebheinfo.az”-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət bildirib ki, mənim xasiyyətim sədrlik üçün uyğun deyil:
“Məndən sədr olmaz, çünki azad adamam. Mənim sədrlik etmək kimi bir xasiyyətim yoxdur, mən tam olaraq sərbəst, azad sənətkaram. Rusların sözü olan “шинка” o məndə yoxdur, çünki mən emosional adamam.
Birdə görərsən ki, tabeçiliyimdə olan hansısa işçinin xətirinə dəyərəm, sonra çox pis olaram.Ona görə də məndən rəhbər, sədr olmaz. Hətta mən özüm özümə rəhbərlik edə bilmirəm. Onda qalmış böyük müəssisəyə rəhbərlik edim. İnsan gərək öz xarakterini bilsin və buna görə davransın”.
O qeyd edib ki, sədrlik asan iş deyil, böyük səbr və iradə tələb edir:
“Ona görə də sədrliyi istəyən şəxs öz xasiyyətinə bələd olmalıdır. Əgər şəxs öz xarakterini və təbiətini düzgün dəyərləndirmirsə, sədrliyi yalnız çətinlik və məyusluq gətirə bilər. Ona görə rəhbər olmaq istəyən hər kəs əvvəlcə özünü tanımalı, daxili sərhədlərini və güclü tərəflərini bilməlidir ki, bu yolun öhdəsindən layiqincə gələ bilsin”.