RU

X sosial şəbəkəsinin Fransadakı ofislərində axtarış aparılıb

Paris, 3 fevral, AZƏRTAC

Paris Prokurorluğunun Kibercinayətkarlıqla mübarizə bölməsi fevralın 3-də X (əvvəlki tviter) sosial şəbəkəsinin Fransadakı ofislərində axtarış aparıb. Bu əməliyyat 2025-ci ilin yanvarında platformanın fəaliyyəti ilə bağlı açılmış istintaq çərçivəsində həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Paris Prokurorluğunun məlumatına görə, istintaq deputat Erik Botorelin müraciətlərindən sonra başlanıb. Deputat X platformasında istifadə olunan alqoritmlərin qərəzli işlədiyini iddia edərək, bunun ictimai debatlara və məlumatın yayılmasına təsir göstərdiyini bildirib.

Prokurorluq əlavə edib ki, sonradan daxil olan digər şikayətlər əsasında istintaqın əhatə dairəsi genişləndirilib. Bu yeni müraciətlər X platformasında inteqrasiya edilmiş “Grok” adlı süni intellekt alətinin fəaliyyəti ilə bağlıdır. Bildirilir ki, “Grok” vasitəsilə Holokostu inkar edən məzmunların və cinsi xarakterli “deepfake” videoların yayılması halları qeydə alınıb.

Eyni mənbənin açıqlamasına görə, X platformasının faktiki rəhbəri kimi Elon Mask və hüquqi rəhbəri qismində Linda Yakkarino 2026-cı il aprelin 20-də Parisdə könüllü ifadə üçün dindirilməyə çağırılıblar. Prokurorluq bu çağırışların rəsmi qaydada göndərildiyini təsdiqləyib.

Bu hüquqi prosesin nəticəsi olaraq, Paris Prokurorluğu X sosial şəbəkəsini tərk etdiyini də elan edib. Qurum bundan sonra rəsmi məlumatlarını linkedin və instaqram hesabları vasitəsilə paylaşacağını bildirib.

 

Избранный
8
11
azertag.az

10Источники