Məşhur model və iş qadını Bella Hadid ilə kovboy Adan Banuelosun ayrılmasının səbəbi açıqlanıb.
Editor.az Page Six nəşrinin məlumatına istinadla xəbər verie ki, cütlüyün yollarını ayırmasına əsas səbəb həyat tərzləri arasındakı ciddi fərqlər olub.
Məşhurlar dünyasına yaxın mənbə Bella Hadid və Adan Banuelosun tamamilə fərqli şəraitdə böyüdüklərini bildirib. Bella Hadid təkcə iş qrafikinin sıxlığına görə deyil, eyni zamanda xroniki Laym xəstəliyi ilə bağlı sağlamlıq problemləri səbəbindən tez-tez xüsusi təyyarələrlə səyahət etməyə məcbur qalır. Adan Banuelos isə daha sadə, təmtəraqsız və kənd həyatına yaxın yaşam tərzinə üstünlük verir.
Mənbənin sözlərinə görə, ortaq maraqları və bir-birlərinə qarşı hisslərinə baxmayaraq, cütlük münasibətlərini davam etdirməkdə çətinlik çəkib. “O, çox məşğuldur. Supermodel rejimində olanda adi insanlar onun tempinə çata bilmir. Bella onu öz həyatına daxil etməyə çalışdı, lakin Adan rodeo dünyasının kifayət qədər qapalı bir hissəsinə aiddir. Cəhd etdilər, amma bu artıq həddindən çox idi,” — deyə maqazin nəşrinin mənbəsi bildirib.
Jurnalistlərin məlumatına görə, Hadid və Banuelos ayrılıqdan az əvvəl “milyonlarla dollar dəyərində” at alıblar ki, bu da ayrılıq prosesini daha da mürəkkəbləşdirib.
Qeyd edək ki, 27 yanvar tarixində Bella Hadid və atçılıq üzrə məşqçi Adan Banuelosun iki illik münasibətdən sonra ayrıldığı açıqlanıb. Page Six mənbələri cütlüyün bu qərarı verməsinin asan olmadığını vurğulayıb. Son dövrlər münasibətlərində enişli-yoxuşlu mərhələ yaşayan cütlük nəhayət ayrılıqla bağlı yekun qərar versə də, mediaya rəsmi açıqlama verməyib.
//Gülnarə Abasova, Editor.az