RU

İran böyük güclər üçün parçalaycı mərkəz rolunu oynayır- ÖZƏL

"İranda ixtişaşlar və ABŞ-İran qarşıdurması fonunda rejim dəyişikliyi əsas siyasi müzakirə mövzusu olsa da, bu istiqamətdə vahid beynəlxalq mövqe formalaşmayıb. İran daxilində teokratik sistemə qarşı siyasi qüvvələr və geniş əhali narazılığı mövcud olsa da, rejimin dəyişdirilmə prosesinin ölkənin parçalanması ehtimalı regional və qlobal gücləri ehtiyatlı davranmağa məcbur edir. Dünya və regionun əsas gücləri Yaxın Şərqin mərkəzində yeni qeyri-stabil dövlətlərin, münaqişə ocaqlarının yaranmasında maraqlı deyil". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Müasir İran böyük güclər üçün bölgədə tarazlayıcı və eyni zamanda parçalaycı mərkəz rolunu oynayır. Hazırki formada İranın mövcudluğu regionda Qərb üçün ərəb, Körfəz ölkələrinin iqtisadi, siyasi və hərbi dəyərini artırır. İranın dağılması təkcə daxili siyasi transformasiya deyil, həm də etnik və dini məzhəb xətləri üzrə zəncirvari qarşıdurmalar yarada bilər. Vahid İran yerli etnik və dini mənsubiyyət tarazlığının qorunması deməkdir.
Buna görə də Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir. Ankara üçün əsas təhlükə Cənubi Azərbaycanın taleyindən çox, İranın qərbində kürd dövlətçiliyinin formalaşmasıdır. İranın zəifləməsindən kürd muxtariyyəti və ya müstəqillik prosesi sürətlənə bilər. Bu, Türkiyənin İraq, Suriya və İran sərhədləri boyunca ciddi təhlükə və yeni geosiyasi reallıq yarada, Ankara üçün birbaşa milli təhlükəsizlik riski formalaşdıra bilər.
İranın dağılması vətəndaş müharibəsi, qaçqın axını və silahlı dini qruplaşmaların yaranmasına yol aça, nəticədə böyük güclərin regiona birbaşa müdaxiləsi ilə regional sabitliyin pozulmasına səbəb ola bilər. Türkiyə isə sərhədləri boyunca qarşıdurmalar meydanı deyil, idarəolunan dövlət strukturları görmək istəyir. Bu baxımdan kürd faktoru, regional qeyri-sabitlik və xarici müdaxilə riski Türkiyəni Cənubi Azərbaycanın müstəqilliyinin real əleyhdarına çevirir.
Həmçinin, İranın parçalanmasından yaranacaq böyük resurslara malik Bütöv Azərbaycan regionda yeni güc mərkəzinə çevrilə bilər. Türkiyə bunu açıq təhlükə kimi görməsə də, regionda yeni güc mərkəzinin yaranmasında maraqlı ola bilməz. 50 milyonluq insan resursu, təbii ehtiyatlar və Rusiya, İran, ABŞ və Fransanın dəstəklədiyi Ermənistan üzərində tarixi qələbə Bütöv Azərbaycanın nəinki Türk dünyasının, İslam aləminin aparıcı mərkəzinə çevrilməsi ehtimalını artıraraq Türkiyə ilə rəqabəti ortaya çıxara bilər.
Türkiyə İranın parçalanması ilə bağlı bütün riskləri nəzərə alaraq Vaşinqton və Tehran arasında dialoqun qurulmasına, gərginliyin hərbi və parçalanma mərhələsinə keçməsinin qarşısını almağa çalışır.
Ancaq, İran isə Türkiyə və Azərbaycan düşmənçiliyini davam etdirir; ABŞ-ın nüvə tələbləri fonunda isə zənginləşdirilmiş uranı Türkiyəyə deyil, Rusiyaya verməyi üstün tutur.
İsrail-Azərbaycan tərəfdaşlığı, Türkiyə-İran-İsrail münasibətləri fonunda xüsusi geosiyasi əhəmiyyət daşıyır. Azərbaycan İsrail vasitəsilə hərbi gücünü, texnologiyasını və lobbi imkanlarını gücləndirərək Ermənistanın işğal siyasətinə qarşı möhkəmləndi. Bu əməkdaşlıq yalnız yəhudilərlə Xəzər türkləri arasında etnik bağlılıqla deyil, həm də İsrailin enerji və təhlükəsizlik maraqları və Azərbaycanda yəhudilərə göstərilən çoxəsrlik tolerant münasibətlə izah olunur.
Azərbaycanın müstəqilliyinin ilk dövründə Türkiyədə daxili siyasi və iqtisadi çətinliklər, ordu-siyasi elita mübarizəsi və NATO çərçivəsində məhdud manevr imkanları səbəbindən Ankaranın Bakıya dəstəyi, Ermənistana sərhədlərin bağlanması təzyiqi istisna olmaqla, məhdud idi. Ərdoğan dövründə Türkiyə güclənərək iqtisadi, hərbi və siyasi müstəqillik qazanıb regional gücə çevrildi, qlobal güc istiqamətində irəlilədi və Azərbaycanla rəsmi müttəfiqlik səviyyəsinə yüksəldi.
Nəticə olaraq, İsrail-Azərbaycan əməkdaşlığı erkən strateji xarakter daşıyarkən, Türkiyə-Azərbaycan münasibətləri güc və imkan balansı əsasında formalaşdı. Hazırki qarşıdurma fonunda ABŞ-İran-Türkiyə münasibətləri bir daha göstərir ki, siyasətin konturlarını mənəvi dəyərlər yox, zəruri milli təhlükəsizlik anlayışı müəyyən edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
olaylar.az

1Источники