RU

Azərbaycanın şəhərsalma və memarlıq irsi güclü ənənələrə söykənir – ŞƏRH

Bakı, 3 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanda urbanizasiya və yaşayış mühitinə verilən strateji əhəmiyyəti göstərir. Bu qərar təkcə yeni binaların tikintisi ilə bağlı deyil, şəhərlərin daha planlı, funksional və insan yönümlü inkişafını hədəfləyir. Son illər xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri göstərir ki, dövlət şəhərsalmanı uzunmüddətli baxışla, müasir memarlıq yanaşmaları və milli kimlik arasında balans əsasında qurmaq niyyətindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Onun sözlərinə görə, şəhərsalma yalnız inzibati və texniki məsələ deyil, birbaşa insanların gündəlik həyat keyfiyyətinə təsir edən amildir. Bu baxımdan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər həm regionların inkişafına, həm də şəhərlərdə daha rahat, təhlükəsiz və yaşanılan mühitin formalaşmasına töhfə verə bilər.

“Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı yenidənqurma proseslərinin məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu bölgələrdə həyata keçirilən layihələr sadəcə dağıdılmış infrastrukturun bərpasını deyil, müasir şəhərsalma prinsipləri əsasında tamamilə yeni yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir. Ağıllı şəhər və ağıllı kənd konsepsiyaları, ekoloji yanaşma və sosial infrastrukturun paralel qurulması dövlətin bu ərazilərə uzunmüddətli baxışla yanaşdığını göstərir”, - deyə Z.Qarayeva bildirib.

O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan memarlıq nümunələri eyni zamanda tarixi-mədəni irsin dirçəldilməsini əhatə edir. Məscidlər, tarixi abidələr, memarlıq ansamblları və şəhər mərkəzləri yalnız fiziki baxımdan yenilənmir, onların mənəvi və simvolik dəyəri də qorunur. Bu yanaşma göstərir ki, şəhərsalma prosesi keçmişlə gələcək arasında körpü rolunu oynayır və milli yaddaşın memarlıq üzərindən bərpasına xidmət edir.

Bu prosesləri daha geniş kontekstdə qiymətləndirdikdə, Azərbaycanın şəhərsalma və memarlıq irsinin güclü ənənələrə söykəndiyi aydın görünür. Xüsusilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi bu gün də aktualdır. Həmin dövrdə şəhərlərin planlı inkişafı, iri yaşayış massivlərinin salınması, mədəniyyət və ictimai binaların tikintisi sistemli dövlət siyasətinin tərkib hissəsi idi və bu yanaşma müasir dövrdə yeni məzmunla davam etdirilir.

Politoloq onu da qeyd edib ki, Heydər Əliyev dövründə həyata keçirilmiş irimiqyaslı şəhərsalma layihələri Azərbaycanın urbanistik xəritəsini köklü şəkildə dəyişmişdi. Paytaxt Bakı ilə yanaşı regionlarda da inzibati mərkəzlər, mədəniyyət ocaqları və sosial infrastruktur formalaşdırılmış, memarlıqda milli üslubla müasir elementlərin sintezinə xüsusi diqqət yetirilmişdi. Bu memarlıq düşüncəsi bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərdə də aydın şəkildə hiss olunur.

“Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təkcə cari layihələrin koordinasiyası üçün deyil, həm də tarixi davamlılığın vurğulanması baxımından əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhərlər, bərpa olunan abidələr və tətbiq edilən müasir urbanistik yanaşmalar Azərbaycanın keçmiş təcrübəsi ilə bugünkü inkişaf strategiyasının üzvi şəkildə birləşdiyini göstərir. Bu isə şəhərsalmanın ölkə üçün yalnız texniki deyil, strateji və ideoloji əhəmiyyət daşıdığını təsdiqləyir”, deyə - Z.Qarayeva əlavə edib.

Избранный
3
1
azertag.az

2Источники