RU

Dəhşətli virus qapımızda – XƏBƏRDARLIQ EDİLDİ

Rusiyada “meymun çiçəyi” (mpox) xəstəliyinin ikinci halının qeydə alınması bu infeksiyanın yenidən beynəlxalq diqqət mərkəzinə qayıtmasına səbəb olub. Domodedovo şəhər xəstəxanasına yerləşdirilən yeni yoluxma faktı göstərir ki, xəstəlik təkcə lokal problem deyil, qlobal səhiyyə sistemləri üçün potensial risk olaraq qalır. Xüsusilə virusun artıq insandan-insana keçmə qabiliyyəti qazanması vəziyyəti daha ciddi müstəviyə çıxarır.

Mütəxəssislərin məlumatına görə, mpox virusunun əsas təbii daşıyıcıları müxtəlif gəmiricilər və primatlardır. Lakin son illərdə aparılan müşahidələr sübut edir ki, virus insan populyasiyası daxilində də yayılma mexanizmlərini formalaşdırıb. Yoluxma əsasən yaxın fiziki təmas zamanı, selikli qişalar vasitəsilə, bəzən isə hava-damcı yolu ilə baş verə bilir. Xəstəlik əlamətləri adətən qızdırma, baş ağrısı, ümumi halsızlıq, limfa düyünlərinin böyüməsi ilə başlayır, daha sonra bədənin müxtəlif nahiyələrində səpgilər əmələ gəlir.

Meymun çiçəyi virusu əsasən Mərkəzi və Qərbi Afrikanın ucqar bölgələrində endemik xarakter daşısa da, son illər Avropa, Asiya və Amerika qitəsində də sporadik yoluxma hallarının qeydə alınması onun coğrafi sərhədləri aşdığını göstərir. Rusiyada yeni halın aşkar edilməsi isə postsovet məkanında epidemioloji risklərin aktuallaşdığını göstərən siqnaldır.

Məsələ ilə bağlı professor Adil Qeybulla NOCOMMENT.az-a bildirib ki, bu cür yoluxma hallarına panika ilə deyil, elmi və sistemli yanaşmaq lazımdır. Onun sözlərinə görə, mpox COVID-19 kimi sürətli və kütləvi yayılma potensialına malik deyil, lakin epidemioloji nəzarətsizlik şəraitində risk arta bilər:

“Azərbaycanın hazırkı epidemioloji vəziyyəti stabildir, lakin ölkənin beynəlxalq nəqliyyat və turizm axınında fəal iştirakı nəzərə alınaraq risk ehtimalı tamamilə istisna edilə bilməz. Xüsusilə hava nəqliyyatı, regional miqrasiya və tranzit hərəkəti fonunda yoluxma ehtimalı nəzəri olaraq mövcuddur. Azərbaycanda real təhlükənin yaranması üçün virusun ölkəyə daxil olması və nəzarətsiz ötürülmə zəncirinin formalaşması lazımdır. Hazırda belə bir vəziyyət müşahidə olunmur. Lakin preventiv tədbirlər görülməzsə, risklər arta bilər”.

Professor vurğulayır ki, bu cür hallarda əsas məsələ erkən aşkarlama və operativ reaksiya mexanizmləridir:

“Azərbaycanda sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilməli, risk zonalarından gələn şəxslər üzərində tibbi müşahidə aparılmalıdır. Eyni zamanda, səhiyyə müəssisələrində mpox əlamətləri ilə bağlı həkimlərin məlumatlılığı artırılmalı, şübhəli hallar dərhal izolyasiya olunmalıdır. Cəmiyyət üçün ən vacib məsələ düzgün məlumatlandırmadır. İnsanlar xəstəliyin əlamətləri, yoluxma yolları və qorunma üsulları barədə aydın və elmi əsaslı məlumat almalıdırlar. Bu, həm panikanın qarşısını alır, həm də real təhlükə zamanı düzgün davranış modelini formalaşdırır”.

Professorun fikrincə, ehtiyac yaranacağı təqdirdə, beynəlxalq təcrübəyə uyğun olaraq təmasda olan şəxslərin izlənməsi, karantin tədbirləri və vaksinasiya imkanları da qiymətləndirilə bilər: “Lakin hazırkı mərhələdə fövqəladə addımlara ehtiyac yoxdur, əsas məsələ nəzarətin itirilməməsidir. Rusiyada mpox xəstəliyinin yeni halının qeydə alınması Azərbaycanda dərhal təhlükə demək olmasa da, bu cür siqnallar epidemioloji ayıqlığın vacibliyini bir daha göstərir”.

Избранный
50
nocomment.az

1Источники