RU

Naftalan 2025-ci ilə yekun vurulub

2025-ci il Naftalan şəhərinin də ictimai-siyasi və sosial-iqtisadi həyatında yaddaqalan hadisələrlə əlamətdar olub. Son illər ölkə üzrə həyata keçirilən inkişaf strategiyasının tərkib hissəsi olaraq Naftalanda da ardıcıl layihələr icra edilib, şəhərin sosial və turizm potensialı daha da güclənib.

İlin yekunları ilə bağlı keçirilən topıantıda şəhər icra hakimiyyəti başçısının müavini, icra başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən il ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, son illər Naftalan şəhərində aparılan abadlıq və yenidənqurma işləri şəhərin görünüşünü əsaslı şəkildə dəyişib. Turizm infrastrukturu müasir tələblərə uyğunlaşdırılı. Hazırda şəhərdə beynəlxalq standartlara cavab verən 20 hotel və müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərir. Bu obyektlər gündəlik təxminən 4 min qonağa xidmət göstərmək imkanına malikdir.

Hesabat ilində Naftalana 44 mindən çox turist səfər edib. Onların 18 minə yaxını xarici ölkə vətəndaşları olub. Şəhərə gələn turistlərin böyük hissəsini Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstandan olan qonaqlar təşkil edir. Naftalan neftinin müalicəvi xüsusiyyətləri şəhərin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir. İqtisadi göstəricilərdə də artım müşahidə olunub. İl ərzində ümumi məhsul buraxılışı 24,4 milyon manatdan çox olub. Xidmət sahələri iqtisadiyyatın əsas hissəsini təşkil etməklə yanaşı, ticarət və ictimai iaşə obyektlərində də fəallıq qorunub saxlanılıb.

Sosial sahədə həyata keçirilən tədbirlər çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Məşğulluğun artırılması məqsədilə əmək yarmarkaları təşkil olunub, bir sıra vətəndaşlar daimi işlə təmin edilib, özünüməşğulluq proqramları icra edilib. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də müsbət nəticələr əldə olunub. Şəhər məktəblərinin məzunları ali təhsil müəssisələrinə qəbulda uğur qazanıb, naftalanlı idmançılar müxtəlif yarışlarda mükafatçılar sırasında yer alıblar. Kitabxana fondları yenilənib, əhalinin tibbi xidmətlərə əlçatanlığı genişləndirilib.

Yol-nəqliyyat infrastrukturu üzrə görülən işlər çərçivəsində şəhərin əsas küçə və prospektlərində asfaltlama, işıqlandırma və abadlıq tədbirləri həyata keçirilib. Kommunal təsərrüfat sahəsində elektrik, qaz, su və istilik təminatının dayanıqlılığı qorunub saxlanılıb.

Qarşıdakı dövrdə, 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan olunması fonunda Naftalan şəhərində yeni infrastruktur layihələrinin icrası, sağlamlıq turizminin daha da genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Əldə olunan nəticələr göstərir ki, Naftalan şəhəri bundan sonra da inkişaf yolunda inamla irəliləyəcək.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

 

Избранный
3
xalqqazeti.az

1Источники