RU

Avstraliyada ilk dəfə xərçəng əlehinə peyvənd sınağa başlanılır

Avstraliyada müalicəyə davamlı beyin şişlərindən əziyyət çəkən uşaqlar üçün hazırlanmış xərçəng peyvəndinin dünyada ilk klinik sınaqlarına başlanılacaq.

Kvinslend Universitetinin yaydığı məlumata görə, “PaedNEO-VAX” adlı peyvəndin klinik sınaqları Avstraliyanın beş ştatında yerləşən səkkiz uşaq xəstəxanasında aparılacaq. Layihə ağır beyin xərçəngi formalarının müalicəsində innovativ və fərdiləşdirilmiş yanaşma kimi qiymətləndirilir.

Bildirilir ki, peyvənd hər bir xəstə üçün fərdi şəkildə, uşağın şiş toxumasında müəyyən edilən genetik markerlər əsasında hazırlanacaq. Klinik sınaqlara beyin xərçəngi diaqnozu qoyulmuş və proqnozlaşdırılan ömür müddəti 24 aydan az olan 70 uşaq cəlb ediləcək.

Preparat mRNA texnologiyası üzərində qurulub. Bu texnologiya daha əvvəl COVID-19 peyvəndlərində tətbiq edilsə də, uşaqlarda müalicəyə tabe olmayan beyin şişləri üçün ilk dəfə klinik səviyyədə sınaqdan keçirilir.

Mütəxəssislərin fikrincə, sınaqlar uğurlu olacağı təqdirdə, bu yanaşma gələcəkdə pediatrik onkologiyada fərdiləşdirilmiş immunoterapiyanın əsas istiqamətlərindən birinə çevrilə və ölümcül hesab edilən beyin şişlərinin müalicəsində yeni ümidlər yarada bilər.

Aytac 

Избранный
3
anews.az

1Источники