RU

Azərbaycanda telefonlar bahalaşacaq - 15-20 faiz

Azərbaycanda fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə rüsumsuz gətirə biləcəyi mobil telefonların sayının ildə bir ədəd ilə məhdudlaşdırılması bazarda qiymət artımı ehtimallarını gündəmə gətirib. 

Telefon satışı ilə məşğul olan sahibkarlar Milli.Az-a bildiriblər ki, əvvəl bir il ərzində hər ay bir telefon mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirmək mümkün idisə, indi bu ildə bir ədəd olacaq.

Bir sözlə fiziki şəxs təqvim ili ərzində yalnız bir mobil telefonu rüsum ödəmədən ölkəyə gətirə bilər. Bu qayda telefonların satış qiymətinə təsir edəcək. Bahalaşmanın 15-20% arasında olacağı gözlənilir. 

İqtisadçı ekspert Rüfət Hüseynlinin sözlərinə görə, yeni qaydanın əsas məqsədi kommersiya məqsədli idxalın qarşısını almaq və qeyri-rəsmi satışları azaltmaqdır. 

Bu məhdudiyyət xüsusilə telefonları xaricdən gətirib satan qeyri-rəsmi satıcıların xərclərini artıracaq. Nəticədə həmin xərclərin bir hissəsinin qiymətlərə əlavə olunması mümkündür. Bu baxımdan bəzi modellər üzrə qiymət artımı ehtimalı yaranır.

Rəsmi idxalçılar isə bildirirlər ki, onlar telefonları gömrük rüsumları və vergilər ödənilməklə gətirdikləri üçün yeni qayda fəaliyyətlərinə birbaşa təsir etmir. Bu səbəbdən rəsmi satış kanallarında qiymətlərin kəskin artması gözlənilmir. Qiymət fərqlərinin əsasən qeyri-rəsmi bazarda hiss olunacağı ehtimal edilir.

Qeyd edək ki, Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyənlənmiş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ili ərzində bir dəfə mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirmək mümkün olacaq. Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

Ayxan
Milli.Az

Избранный
2
4
milli.az

5Источники