RU

Azərbaycan Gənclərinin XI Forumu

Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimi keçirilib. Tədbirdən öncə gənclər Fəxri xiyabanda ulu ­öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.

Sonra tədbirdə dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim olunub. Mükafatları Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər. 

Azərbaycan Gənclərinin XI Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qeyd edib ki, ötən il dövlət məşğulluq xidməti orqanları tərəfindən 125 minə yaxın gənclə iş aparılaraq, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin edilib. Onlardan 72,6 min gəncin işədüzəlməsi təmin olunub. Həmçinin gənclərin əmək bazarına inteqrasiyasında ən önəmli amillərdən biri də peşə hazırlığıdır. Nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığı gənclərin əmək fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ düşüncə tərzinin və praktiki vərdişlərin inkişafına, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.

Nazir vurğulayıb ki, bu istiqamətdə 2025-ci il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına 9,5 min gənc cəlb olunub. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin əsasının birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkib: “Ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclər siyasəti üzrə möhkəm hüquqi baza formalaşdırılıb, bu sahədə mühüm fərman və sərəncamlar qəbul olunub. Həmin sənədlər gənclərin inkişafına güclü stimul verib və onların cəmiyyətin fəal üzvlərinə çevrilməsində mühüm rol oynayıb”,- deyə nazir müavini vurğulayıb. O əlavə edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Məhz bu uğurlu siyasətin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi prosesdə gənclərimizin göstərdiyi şücaət hər zaman xüsusi vurğulanır və onlara böyük dəyər verilir.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov isə qeyd edib ki, gənclərin dünyagörüşünün formalaşmasında mədəniyyət aparıcı rol oynayır və bu amil gənclər siyasətinin mahiyyətinə də öz təsirini göstərir.

“Şanlı Zəfərimizlə formalaşan yeni ictimai reallıqlar, mədəniyyət sahəsində uzunmüddətli, inklüziv və gələcəyə yönəlmiş strategiyanın hazırlanmasını obyektiv zərurətə çevirib. Məhz bu məqsədlə Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq olunub”,- deyə nazir müavini diqqətə çatdırıb.

Forum sessiya müzakirələrlə davam edib, qeyd olunub ki, fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və “Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.

Xatırladaq ki, birinci Azərbaycan Gəncləri Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilib. Bununla da Azərbaycan Gəncləri forumlarının keçirilməsi ənənəsi formalaşıb.

XQ

 

Избранный
2
5
xalqqazeti.az

7Источники