Son bir ildə internet provayderləri ilə bağlı şikayətlərin artmasının əsas səbəbi infrastruktur keçidi zamanı yol verilən texniki koordinasiya çatışmazlıqlarıdır. Köhnə ADSL texnologiyasından fiber-optik (GPON) şəbəkəsinə sürətli keçid prosesi bir sıra problemlərlə müşayiət olunub.
Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov internet xidmətlərinin keyfiyyəti ilə bağlı vəziyyəti şərh edərkən deyib.
“Montaj işlərinin keyfiyyətsiz aparılması, binaların daxili şəbəkə paylanmasında yaranan nasazlıqlar və provayderlərin vəd etdiyi internet sürətini son istifadəçi nöqtəsinə çatdıra bilməməsi istifadəçilərin narazılığına səbəb olur. Eyni zamanda, rəqəmsal xidmətlərin həcminin artması vətəndaşların internetin sürət və stabillik göstəricilərinə qarşı tələbkarlığını artırıb və bu da ən kiçik kəsintilərin belə rəsmi şikayətə çevrilməsinə yol açıb”, - o bildirib.
Elvin Abbasovun fikrincə, qiymət artımı fonunda xidmət keyfiyyətinin eyni qalması və ya pisləşməsi bazar rəqabətinin və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir:
“Tarif artımı infrastrukturun modernləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə əsaslandırılmadığı hallarda bu, tənzimləmə mexanizmlərinin kifayət qədər təsirli olmadığını göstərir.
Yüksək şikayət indeksi və uzun cavablandırma müddəti olan provayderlərə qarşı daha sərt nəzarət mexanizmləri tətbiq edilməlidir. Problemli provayderlərin fəaliyyət göstəricilərinin ictimaiyyət üçün şəffaf şəkildə açıqlanması, habelə əsas fəaliyyət göstəricilərini ardıcıl pozan şirkətlərə qarşı inzibati tədbirlərin görülməsi xidmət keyfiyyətinin yüksəldilməsinə təsir göstərə bilər”.
Qeyd edək ki, son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin “E-Şikayət” platformasına internet provayderlərindən daxil olan şikayətlərin sayında artım müşahidə olunur.