
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin çox yaxın vaxtda təqdim ediləcəyini bəyan edib.
Fon der Leyen fevralın 4-5-nə planlaşdırılan sülh danışıqları öncəsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. Avropanın Ukraynaya dəstəyinin davam edəcəyi mesajını verən Komissiya sədri "Ukraynaya qarşı amansız müharibənin dördüncü ilinə yaxınlaşarkən, Rusiya müharibə cinayətlərini artırmağa, mülki infrastrukturu və evləri hədəf almağa davam edir" deyə qeyd edib.
Ukrayna üçün "Rifah Çərçivəsi" və 800 milyard dollarlıq investisiya
Fon der Leyen hazırda Vaşinqton və Kiyevlə birlikdə Ukrayna üçün "rifah çərçivəsi" hazırladıqlarını diqqətə çatdırıb. Avropa mətbuatında yer alan məlumatlara görə, ABŞ və Aİ Ukraynanın yenidən qurulması üçün ölkə iqtisadiyyatına 800 milyard dollar həcmində investisiya qoyulmasını nəzərdə tutan genişmiqyaslı plan üzərində işləyir.
20-ci sanksiyalar paketinin hədəfi nədir?
Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin çox yaxında təqdim olunacağını vurğulayan fon der Leyen "Bu paket Rusiyanı sülhə yönəlik real niyyətlərlə danışıqlar masasına oturtmaq üçün təzyiqləri artırmaq məqsədi daşıyır" deyib.
Xatırladaq ki, yeni sanksiyalar paketinin əsasən Rusiyanın enerji ixracatından əldə etdiyi gəlirləri hədəf alacağı, "kölgə donanması"na qarşı məhdudiyyətləri sərtləşdirəcəyi və sanksiyalardan yayınma mexanizmlərini aradan qaldıracağı gözlənilir.