XXI əsr texnologiya əsridir. Bu gün mobil telefon və ya planşet kimi ağıllı cihaz istifadə etməyən uşaq tapılmaz. İndiki uşaqlar rahat şəkildə telefonu idarə edir və nəyə istəyir baxırlar. Onlar, rahat şəkildə öz maraqlarına uyğun oyunları da tapıb yükləyirlər.
Bəs, bütün bunlara rəğmən, uşaqları telefondan necə uzaq tutmaq olar?
Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, valideynlər uşaqları telefona bilərəkdən öyrəşdirirlər:
"Valideyn və digər böyüklər uşağı susdurmaq üçün ona telefon verirlər. Nəticədə, uşaq da telefona öyrəşir. Daha sonra uşaqları texnologiyadan aralanmaq elə də asan olmur. Lakin onun da yolu var. Uşağın marağını nəzərə almaqla onunla vaxt keçirmək üçün yeni oyunlar fikirləşmək lazımdır".
Ekspertin sözlərinə görə, uşaqları maraqlandıran nağıllar oxunmaq və maraqlı oyunlar təşkil etmək lazımdır:
"Telefona öyrəşmiş uşağın başını elə qatmaq lazımdır ki, texnologiya onun yadına düşməsin. Əgər valideyn bir neçə gün davamlı şəkildə uşağın fikrini yayındıraraq məşğələlər tapsa, nəticə də gözəl olar. Burada əsas məsuliyyət məhz valideynin üzərinə düşür".
Günel