BAKI,TurkicWorld, Orxan Qədirzadə
İclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident kompleksində – Beştəpədə keçirilib.
TurkicWorld xəbər verir ki, iclasın əsas gündəm mövzusu xarici siyasət məsələləridir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik Nazirlər Kabinetində əsas müzakirə predmeti kimi ön plana çıxır.
Məlumata görə, Ankara uzun müddətdir iki ölkə arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik səyləri göstərir. Bu çərçivədə prezident Ərdoğan daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq tərəfləri gərginliyi azaltmağa çağırıb.
Həmçinin Türkiyənin Vaşinqton administrasiyasına ABŞ–İran–Türkiyə formatında üçtərəfli sammitin keçirilməsi ilə bağlı təklif təqdim etdiyi bildirilir. İclas zamanı İran məsələsi ətrafında irəli sürülən son təşəbbüslər və Ankaranın mümkün addımları da müzakirə olunur.
Gündəliyin ayrıca bölməsi Yaxın Şərqdəki proseslərə həsr olunub. Nazirlər Kabinetində Suriya administrasiyası ilə SDQ arasında əldə olunan yeni razılaşma, inteqrasiya prosesi, Qəzza sektorundakı vəziyyət və İsrailin davam edən hücumları, eləcə də bu hadisələr fonunda Türkiyənin mövqeyi və mümkün reaksiya tədbirləri nəzərdən keçirilir.
Analitiklərin fikrincə, iclasın nəticələri Ankaranın regional böhranlar kontekstində diplomatik xəttinin formalaşmasında mühüm rol oynaya bilər.