Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək.
Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Həmin müavinətlər aşağıdakılardır:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləliyə və doğuma görə müavinət;
3 yaşınadək uşağa qulluğa görə müavinət;
dəfn üçün birdəfəlik müavinət;
Bu müavinətlər proaktiv qaydada təyin ediləcək.
Bildirilib ki, proaktiv mexanizm əsasında təyin edilən digər sosial ödənişlərdə olduğu kimi, bu müavinətlərin alınması üçün də heç bir quruma müraciət etməyə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq.
Qeyd edilən müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.
Yeni qərarla, həmçinin MDSS əsaslı bir sıra müavinətlərin hesablanması qaydası və ödənilməsi müddətləri ilə bağlı humanist yanaşmalar nəzərdə tutulub.
Ümumilikdə son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.