RU

Keyfiyyətli suşini necə seçmək olar? - EKSPERT AÇIQLADI

Son zamanlarda qidalanma vərdişlərində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur və bu dəyişikliklərin önündə suşiyə artan maraq dayanır. Ənənəvi Yapon mətbəxinə məxsus olan bu yemək artıq yalnız ekzotik seçim deyil, bir çox insan üçün gündəlik qida alternativinə çevrilib. Bəs, keyfiyyətli suşini necə seçmək olar?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, suşi müəyyən risklər daşıyır:

“Bu risklərə parazitlər, mikroorqanizmlər, kimyəvi təhlükələr, həmçinin allergiya və çarpaz çirklənmə daxildir. Çiy və ya az bişmiş balıq dəniz mənşəli parazitlərin mənbəyi ola bilər. Bunlardan ən çox rast gəlinəni Anisakis parazitidir. Bu parazit mədə-bağırsaq ağrıları, ürəkbulanma və bəzi hallarda allergiyaya bənzər reaksiyalarla özünü göstərə bilər.

Peşəkar şəkildə hazırlanan suşidə istifadə olunan balıq adətən parazitlərin məhv edilməsi məqsədilə xüsusi dondurulma rejimindən keçirilir. Bu proses müəyyən temperatur və vaxt kombinasiyalarına əsaslanır. Lakin bu üsul yalnız parazit riskini azaldır, bakterial riski isə tam aradan qaldırmır.

Çiy dəniz məhsullarında düzgün saxlanma və gigiyena qaydalarına əməl olunmadıqda qida zəhərlənməsi riski yaranır. Xüsusilə Vibrio kimi bakteriyalar çiy dəniz məhsulları ilə əlaqələndirilir və bəzi hallarda ağır fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, suşidə təhlükə təkcə balığın özündən yox, daha çox soyuq zəncirin qırılması, bıçaq və doğrama səthlərinin çarpaz çirklənməsi, işçi heyətinin gigiyenası və məhsulun vitrində saxlanma müddəti ilə bağlıdır.

Bəzi balıq növləri düzgün soyudulmadıqda histamin yığıla bilər. Bu isə klassik qida zəhərlənməsindən fərqli olaraq üzün qızarması, səpgi, ağızda yanma hissi və ishal kimi allergiyaya bənzər əlamətlərlə qəfil başlaya bilər. Üstəlik, bu problem hər zaman bişirmə ilə aradan qalxmır. Əsas risk faktoru ilkin saxlanma şəraitidir.

Risk hər kəs üçün eyni səviyyədə deyil. Hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, yaşlılar və azyaşlı uşaqlarda ağırlaşma ehtimalı daha yüksəkdir. Bu səbəbdən həmin qruplara çiy və az bişmiş dəniz məhsullarını daha ehtiyatla seçmək tövsiyə olunur”.

Müəllif: Arzu Qurbanlı
Избранный
9
1
sia.az

2Источники