RU

Cessi Gi: “NTD uzun illərdir uğurlu klubdur” - MÜSAHİBƏ

“Özümü çox yaxşı hiss edirəm, fiziki durumum əladır. Öz performansıma gəlincə, düşünürəm ki, hücumda daha aqressiv olmalıyam və qarşıdakı oyunlarda artıracağam”

İdman.Biz xəbər verir ki, NTD-nin basketbolçusu Cessi Gi klubun mətbuat xidmətinə müsahibəsində belə deyib.

Həmin müsahibəni təqdim edirik.

NTD son oyunda “Neftçi”yə məğlub oldu. Sizcə, bu məğlubiyyətin əsas səbəbləri nə idi?

Biz oyunun bütün 40 dəqiqəsi ərzində aqressiv müdafiə oynamadıq və ribaundlarda kifayət qədər sərt mübarizə apara bilmədik. Oyuna yaxşı başladıq və müdafiədə aqressiv idik. Lakin üçüncü hissənin əvvəlində tempi qoruya bilmədik və “Neftçi” bundan istifadə edərək üstünlük qazandı. Bu heyətlə uğur qazanmaq üçün xüsusilə müdafiədə komanda şəklində oynamalıyıq. Bunu 40 dəqiqə ərzində bacarsaq, bizi məğlub etmək çox çətin olar. Hücum bizim problemimiz deyil. Əsas məsələ müdafiədir.

Komandaya yeni qoşulduz. Özünüzü necə hiss edirsiniz və fiziki durumunuzu necə qiymətləndirərdiniz?

Özümü çox yaxşı hiss edirəm, fiziki durumum əladır. Öz performansıma gəlincə, düşünürəm ki, hücumda daha aqressiv olmalıyam və qarşıdakı oyunlarda artıracağam. Eyni zamanda komanda yoldaşlarımı da daha effektiv etmək, onların güclü tərəflərini ön plana çıxarmaq üçün çalışacağam.

NTD-ni seçməyinizə nə səbəb oldu?

NTD uzun illərdir uğurlu klubdur. Komandaya fayda verə biləcəyimə inandığım üçün buraya gəldim. Düşünürəm ki, artıq töhfə verməyə başlamışam, amma daha yaxşı ola bilərəm. İlk oyunlarım bir qədər çətin keçdi, lakin indi sistemə daha yaxşı uyğunlaşıram. Komandaya ehtiyac duyduğu töhfəni vermək istəyirəm. Komandada artıq yaxşı oyunçular var. Bizi birlikdə qələbələr gözləyir.

İki il əvvəl Azərbaycanda, “Xırdalan” klubunda çıxış etmisiniz. Azərbaycan Basketbol Liqasının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

Liqa son iki ildə böyük inkişaf yolu keçib. Rəqabət daha da güclənib və bu çox sevindiricidir. Bakı artıq mənim üçün ikinci ev kimidir. İki il ərzində liqanın bu qədər irəliləyiş göstərməsi inanılmazdı. İnanıram ki, gələcəkdə Azərbaycan Basketbol Liqası Avropada güclü liqalardan birinə çevriləcək.

Qarşıdakı oyun “Gəncə”yə qarşı olacaq. Bu matçdan gözləntiləriniz nədir?

Gözləntim sadədir – qələbə. “Gəncə” yaxşı komandadır, amma məğlubedilməz deyil. Nəzarət edə bildiyimiz məqamlara – müdafiəyə, ribaundlarda aqressivliyə, meydanda ünsiyyətə və intizama diqqət yetirsək, istədiyimiz nəticəni qazana bilərik. Oyunun bütün 40 dəqiqəsində düzgün və intizamlı basketbol oynasaq bütün rəqiblərə qarşı uğurlu ola bilərik. Biz hamımız – oyunçular və məşqçilər – bir məqsəd uğrunda çalışırıq. Çətin anlarda da birlikdə qalmalıyıq. Bizdə qələbə üçün bütün komponentlər var, sadəcə onları birləşdirib böyük məqsədə - qələbələrə - çatmalıyıq.

İdman.Biz
Избранный
1
1
idman.biz

2Источники