Bakı, 2 fevral, AZƏRTAC
2026-cı il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli siması, böyük bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunacaq.
Bu münasibətlə AZƏRTAC dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə bir sıra söhbətlər təşkil edir.
Pianoçu Yuliya Ryabova-Şilovskaya (Fransa) Qara Qarayevin yaradıcılığının əhəmiyyətindən danışıb:
“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı dünya miqyasında məşhurdur. Onun “24 prelüd” fortepiano silsiləsi Avropadakı gənc musiqiçilərdə maraq doğurur. “Yeddi gözəl” baleti Paris tamaşaçıları tərəfindən coşqu ilə qarşılanıb. Qara Qarayevin musiqisi xalq motivləri ilə klassik elementləri ustalıqla birləşdirir və onun yaradıcılığı Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı gənc bəstəkarların meydana çıxmasına töhfə verib”.