RU

Səhiyyə Nazirliyinin mütəxəssisi: "Skoliozların təqribən 80%-nin səbəbi bilinmir"

"Skoliozların təqribən 80%-nin səbəbi bilinmir".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun radioloqu Çimnaz Şeyxova deyib.

O, skolioz haqqında ən vacib məqamlar - səbəbləri, tipləri, dərəcələri, diaqnostikası və müalicə yollarından söz açıb.

Belə ki, bir çox valideyn uşaqlarda və yeniyetmələrdə skolioz (onurğa sütununun yana əyriliyi) hallarını yalnız məktəb müayinələrində və ya artıq qabarıq əlamətlər ortaya çıxanda aşkar edirlər. Lakin erkən aşkarlanma və düzgün tibbi müdaxilə ilə skoliozun ağırlaşmasının qarşısını almaq mümkündür.

- Çimnaz xanım, ilk olaraq izah edərdiniz: skolioz nədir?

- Onurğa sütunu insan skeletinin mərkəzi hissəsini təşkil edir və fəqərə adlanan anatomik orqanlardan ibarətdir. Onurğa sütununun beş hissəsi var. Bunlar yeddi fəqərədən ibarət boyun hissəsi, 12 fəqərədən ibarət döş hissəsi, beş fəqərədən ibarət bel hissəsi, beş fəqərədən ibarət oma hissəsi və dörd fəqərədən ibarət büzdüm hissəsi.

Onurğa sütununun boylama oxu düzdür, yəni ona öndən baxdıqda onurğa düz xətt kimi görünür. Onurğa sütununun yana əyilməsi xəstəlik hesab olunur və skolioz adlanır.

Onurğa sütununun yandan görünüşündə isə önə və arxaya olmaqla əyriliklər var. Bunlar önə lordoz, arxaya kifoz olmaqla, iki tipdə olur. İki təbii fizioloji lordoz (boyun və bel lordozu) və bir təbii fizioloji kifoz (döş kifozu) vardır. Bu təbii fizioloji lordoz və kifozlarda dəyişikliklər baş verdikdə də xəstəlik sayılır və hiperkifoz və ya hiperlordoz adlanır.

- Skoliozların yaranma səbəbləri nədir?

- Skoliozların təqribən 80%-nin səbəbi bilinmir, yəni idiopatik hesab olunur və uşaqlar, gənclər, yaşlılarda baş verən skoliozlar olaraq 3 yerə bölünür.

Skoliozların digər 20%-i isə etiolojik olaraq bir neçə qrupa bölünür.

Bunlar anadangəlmə inkişaf qüsurları, fəqərələrin anadangəlmə qüsurları hesabına yaranan, fəqərə ageneziyaları (fəqərələrin anadan gəlmə inkişaf etməməsi), blok vertebra (iki və ya daha artıq fəqərənin müxtəlif dərəcədə bir-birinə birləşməsi) və s. skoliozlardır.

Qazanılmış skoliozlar şiş xəstəlikləri, onların müalicəsi və ya travmalardan sonra yaranan skoliozlardır.

- Skoliozların hansı tipləri var?

- Skoliozlar daha çox "C"vari və "S"vari şəklində müşahidə edilir. Bunlar formaca adını aldıqları hərflərə oxşadıqlarına görə belə adlandırılırlar.

"C"vari skoliozlar da öz növbəsində əyriliyin istiqamətinə görə sağa (dekstroskolioz) və sola (levoskolioz) olmaqla iki qrupa ayrılır.

Bəzən əyriliklər ikidən daha çox istiqamətdə ola bilir ki, bunlar da qarışıq tip skoliozlar hesab edilir.

- Skoliozların hansı dərəcələri var?

- Onurğanın yana əyriliyinin ağırlıq dərəcəsi Cobb bucağı ilə ölçülür və dörd dərəcəyə ayrılır.

Belə ki:

I dərəcə skolioz: Cobb bucağı 100-ə qədər olan skolioz, başlanğıc dövr skolioz adlanır və daha çox rast gəlinir;

II dərəcə skolioz: Cobb bucağı 100-dən 250-yə qədər olan skoliozlardır;

III dərəcə skolioz: Cobb bucağı 250-dən 500-ə qədər olan skoliozlardır;

IV dərəcə skolioz: Cobb bucağı 500-dən yuxarı olan skoliozlar.

Skoliozların bu cür dərəcələrə bölünməsi biz həkimlərə skoliozun ağırlığını dəqiqləşdirməklə bərabər, hansı müalicə tipinin seçilməsi haqqında da fikir formalaşdırmağa kömək edir.

Skoliozların dərəcəsi ilə bərabər, hansı yaşda izlənməsi də əhəmiyyətlidir. Məsələn, uşaq yaşlarda izlənən birinci dərəcə skoliozlar əhəmiyyətli hesab olunur və müalicəyə ehtiyac duyulur. Bunun səbəbi uşaqlarda skeletin hələ tam formalaşmaması və xüsusən yeniyetmə yaşlarda sürətli boyatma hesabına skoliozun dərəcəsinin ağırlaşma ehtimalının yüksək olmasıdır.

- Skoliozlar necə təyin olunur?

- Xüsusən birinci dərəcəli, yəni başlanğıc dövr skoliozlar çox vaxt uşaq həkimlərinin poliklinika və ya müxtəlif digər səbəblərdən aparılan rentgen müayinələri zamanı təsadüfən aşkarlanır. Digər tərəfdən isə birinci dərəcəli skolioz xəstələrdə hansısa şikayətə səbəb olmur. Bu səbəbdən də adətən skoliozlar daha gec dövrlərdə və daha ağır formalarda aşkarlanır.

Daha ağır dərəcəli skoliozlarda isə skoliz, hətta xəstə yaxınları və ya xəstənin özü tərəfindən belə aşkarlana bilir və xəstələrdə qamətin pozulması, ağrı və ya digər şikayətlərlə özünü büruzə verir.

- Skoliozların rentgen müayinəsi necə aparılmalıdır?

- Skoliozların rentgen müayinəsi həkim göndərişi əsasında olmalıdır. Hətta uşaqlarda skolioz şübhəsi olduqda belə, valideynlər əvvəlcə uşaq həkimlərinə müraciət etməlidirlər. Əgər uşaq həkimləri də skoliozdan şübhələnərsə, rentgen müayinəsinə göndəriş verməli və yalnız bundan sonra rentgen müayinəsi aparılmalıdır. Bu halda, yəni həkim göndərişi ilə rentgen müayinəsi aparıldıqda uşaqların və hətta bütün yaş qrupuna aid olanların gərəksiz rentgen şüalarına məruz qalmasının qarşısı alına bilər.

- Əgər skolioz olduğu təsdiqlənərsə, nə vaxt sonra kontrol rentgen müayinələrindən keçə bilər?

- Çox vaxt müalicələrdən sonrakı nəticəni görmək üçün kontrol rentgen müayinə olunması qərarını xəstələr və ya xəstə yaxınları verir. Əlbəttə bu da yolverilməzdir. Müayinələr müalicələrə nəzarət etmək üçün müalicə həkimlərinə lazımdır və ancaq müalicə həkimlərinin təyin etdiyi vaxtlarda aparılmalıdır.

- Skoliozların müayinəsində KT və MRT müayinələrinin rolu nədir?

- Skoliozun aşkarlanması və ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi rentgen müayinəsi vasitəsi ilə aparılır. Ən əhəmiyyətli məsələ sadəcə rentgen müayinəsinin ayaqüstü vəziyyətdə aparıla bilməsidir. Lakin, xüsusən anadangəlmə fəqərə qüsurlarının müayinəsində KT müayinəsi, fəqərə qüsurları ilə yanaşı onurğa beyin qüsurlarının müayinəsində isə MRT müayinəsi əvəzolunmaz və çox informativdir. KT müayinəsi zamanı 3D görüntülərin alınması, bu şəkildə patologiyanın 3D formatında dəqiq təsvir edilməsi və cərrahlarda aydın fikir formalaşdırılmasında KT müayinəsi çox əhəmiyyətlidir. Eyni zamanda, yanaşı onurğa beyin qüsurlarının diaqnostikasında və aparılacaq cərrahi əməliyyat metodunun dəqiqləşdirilməsində də MRT müayinəsi əvəzedilməzdir.

- Skoliozların müalicəsi necə aparılır?

- Müalicə üçün ilk əvvəl skoliozun dərəcəsi müəyyən edilməlidir. Xəstədə rentgen müayinəsi ilə skoliozun ağırlıq dərəcəsi ölçülür. Bu zaman xüsusən kiçik yaşlı uşaqlarda müayinələrin düzgün aparılması əhəmiyyətlidir. Müayinə zamanı xəstə bacardığı qədər qamətini düz saxlamalıdır ki, skoliozun dərəcəsində yanlış artma olmasın. Rentgen müayinəsi əsasən ayaqüstü vəziyyətdə aparılır. Çünki bədənin təbii fizioloji vəziyyəti ayaqüstü vəziyyət hesab olunur. Bəzən isə, xəstənin vəziyyəti imkan vermədikdə və ya müalicə həkimi tərəfindən müalicənin effektivliyinin dəqiqləşdirilməsi lazım gəldikdə, müayinə xəstənin uzanmış vəziyyətində aparılır. Qeyd edək ki, bu halda müayinənin hansı vəziyyətdə aparıldığı rentgen müayinəsinin nəticəsində bildirilməlidir.

Skoliozun müalicəsində hansı metodun seçilməsi məhz skoliozun ağırlıq dərəcəsindən asılıdır.

I dərəcə skoliozlar əsasən uşaqlarda və yeniyetmələrdə aşkarladıqda müalicəyə ehtiyac duyulur və bu zaman, əsasən, konservativ müalicədən, fizioterapiya müalicə metodlarından, müalicəvi idmanla terapiyadan və s. istifadə olunur. Buradakı əsas məqsəd, xüsusən uşaqlarda və yeniyetmələrdə, skoliozun müalicəsindən də daha çox ağırlaşmasının qarşısının alınması istiqamətində olur. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi uşaqlarda boyatma dövründə skoliozun inkişafı ehtimalı yüksəkdir.

II, III dərəcə skoliozlar daha ciddi skoliozlar hesab olunur və bu zaman müalicə metodlarına korsetlər də daxil olmaqla, digər metodlar əlavə edilir.

IV dərəcə skoliozlarda isə daha radikal müalicə metodu cərrahi müalicə metodları hesab edilir. Bu zaman, əsasən, 18 yaş və daha yuxarı yaşlı pasiyentlərdə müxtəlif transpedikulyar fiksasiya əməliyyatları icra edilir.

- Sonda oxucularımıza nə tövsiyə edərdiniz?

- Məsləhətimiz, ilk növbədə valideynlərin övladlarına diqqətlə yanaşmaları, onlarda hiss etdikləri ən kiçik skolioz şübhəsində həkimə müraciət etmələridir. Çünki skolioz da digər bütün xəstəliklər kimi nə qədər tez aşkarlanarsa, o qədər uğurla müalicə olunar. Digər tərəfdən xəstələrə və xəstə yaxınlarına məsləhətimiz skoliozun müalicəsində səbirli olmalarıdır. Çünki skoliozların müalicəsində nisbətən daha uzun müddətə ehtiyac duyulur.

Skolioz müalicə oluna bilən xəstəliklər qrupuna aiddir, sadəcə vaxtında, düzgün və səbirli müalicə ilə çox yaxşı nəticələr əldə etmək mümkündür.

Избранный
1
3
far.az

10Источники