RU

Prezident təqaüdçüsü: Uğur təkcə istedad deyil, həm də Vətənə bağlılıqdır

Bakı, 2 fevral, Xatirə Cəfərova, AZƏRTAC

Gənclər Günü adi bayram deyil. Bu əlamətdar gün xalqımızın gələcəyinə verilən dəyərin, gəncliyə olan inamın bariz göstəricisidir. Bayram günündə bir an belə unutmamalıyıq ki, indi gəncliyimiz azad nəfəs alırsa, bu, azadlıq və Qarabağ uğrunda canını fəda etmiş şəhidlərimizin hesabınadır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Prezident təqaüdçüsü, 2025/2026-cı il üzrə ən yüksək balla BDU-ya qəbul olmuş Çiçək Hümmətli bildirib.

Onun sözlərinə görə, Prezident təqaüdçüsü adını qazanmaq böyük fəxr olmaqla yanaşı, dövlətin gənclərə göstərdiyi etimadın bariz nümunəsidir.

Bu status Çiçəyi həm akademik, həm də şəxsi inkişaf baxımından daha məsuliyyətli olmağa sövq edir. Əldə etdiyi uğurlarda ailəsinin göstərdiyi mənəvi dəstək, müəllimlərinin verdiyi bilik, istiqamət və motivasiya həlledici rol oynayıb. Onların Çiçəyə olan inamı bu yolu daha böyük əminliklə davam etdirməsinə kömək edib. Bakı Dövlət Universitetinin zəngin tarixi, güclü akademik heyəti və yüksək təhsil keyfiyyəti bu seçimi etməsində əsas rol oynayıb və bu universitetdə təhsil almaq ona geniş inkişaf imkanları yaradır.

Planlarından danışan Çiçək qeyd edib ki, seçdiyi ixtisas üzrə dərin biliklərə yiyələnərək peşəkar mütəxəssis olmaq və ölkəsinin inkişafına töhfə vermək onun əsas məqsədidir. O vurğulayıb ki, bu uğur gənclərə məqsədli və davamlı zəhmətin heç vaxt nəticəsiz qalmadığını göstərir. Özünə inanan və səbirlə çalışan hər bir gənc yüksək nəticələr əldə edə bilər.

“Prezident təqaüdçüsü statusu həm akademik, həm də sosial sahədə nümunə olmağı tələb edir. Cəmiyyətdə aktiv iştirak etmək, bilik və təcrübəni paylaşmaq bu məsuliyyətin əsas tərkib hissəsidir. Qazandığım hər bir uğur mənə bir həqiqəti daha dərindən anlatdı: istedad təkbaşına kifayət etmir. Əzm, zəhmət, özünəinam və ən əsası, Vətənə bağlılıq olmalıdır. Respublika birincisi olmaq mənim üçün medal və ya ad deyil, böyük məsuliyyətdir. Bu, mənə deyir ki, artıq təkcə özüm üçün yox, məndən sonra gələn gənclər üçün də nümunə olmalıyam”, – deyə Çiçək bildirib.

O əlavə edib ki, Azərbaycan gəncliyi çox güclüdür və bu güc təkcə bilikdə deyil, həm də xarakterdə, mövqedə və milli şüurda özünü göstərməlidir: “Qarabağ bu gün azaddır. Lakin Qarabağı yaşatmaq, yenidən qurmaq və qorumaq artıq gənclərin üzərinə düşür. Elm, idman, mədəniyyət, ədəbiyyat və texnologiya sahələrində qazanılan hər bir uğur Azərbaycan Bayrağının daha da ucalması deməkdir”.

Избранный
9
1
azertag.az

2Источники