RU

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Yanvar ayının son həftəsi qlobal maliyyə bazarları üçün həm geosiyasi risklərin artdığı, həm də əsas aktivlərdə kəskin qiymət dəyişikliklərinin baş verdiyi bir dövr kimi yadda qaldı. Amerika Birləşmiş Ştatları, Almaniya, Avrozona və İngiltərədə açıqlanan iqtisadi göstəricilər investorların monetar siyasət gözləntilərini formalaşdırarkən, ABŞ-İran gərginliyi riskdən qaçış davranışını gücləndirdi. Bununla yanaşı, həftənin son iki ticarət günündə 29 və 30 yanvar tarixlərində qızıl və gümüş bazarında yaşanan kəskin enişlər bazar psixologiyasında ciddi dönüş nöqtəsi yaratdı.

ABŞ: iqtisadi göstəricilər və FED gözləntiləri

ABŞ-da bu həftə açıqlanan makroiqtisadi məlumatlar iqtisadi artımın tədricən zəiflədiyini göstərdi. İstehlakçı inamındakı yumşalma və bəzi sektorlar üzrə aktivliyin azalması Federal Ehtiyatlar Sisteminin sərt monetar siyasətinin artıq son mərhələsinə yaxınlaşdığı fikrini gücləndirdi. İnflyasiyanın nəzarət altında qalması faiz endirimi ehtimallarını gündəmdə saxladı. Bu isə dollar üzərində orta müddətli təzyiq yaratsa da, geosiyasi risklər fonunda dollar zaman-zaman qısamüddətli təhlükəsiz liman rolunu qorudu.

InvestAZ-da hesab aç, gələcəyini qızılla parlat.

Avrozona və Almaniya: zəif bərpa, ehtiyatlı mövqe

Avrozonada və Almaniyada açıqlanan göstəricilər sənaye sektorunda zəifliyin davam etdiyini ortaya qoydu. İstehsal və ixrac göstəricilərindəki qeyri-sabitlik Avropa iqtisadiyyatında bərpanın hələ kövrək olduğunu təsdiqlədi. İnflyasiya təzyiqlərinin məhdud qalması Avropa Mərkəzi Bankının yumşaq siyasətini davam etdirəcəyi gözləntilərini gücləndirdi və avro məhdud diapazonda hərəkət etdi.

İngiltərə: zəif artım və monetar ehtiyatlılıq

İngiltərədə açıqlanan iqtisadi göstəricilər ölkə iqtisadiyyatının hələ də zəif artım mərhələsində olduğunu göstərdi. Yüksək maliyyə xərcləri və investisiya tərəddüdü “Bank of England”-ın faiz siyasətində ehtiyatlı qalacağına dair gözləntiləri artırdı. Bu, fon funt sterlinqin dalğalı ticarətinə səbəb oldu.

Geosiyasi proseslər: ABŞ–İran gərginliyi

Həftənin əsas geosiyasi mövzusu ABŞ–İran münasibətlərində artan gərginlik oldu. Körfəz bölgəsində təhlükəsizliklə bağlı ritorikanın sərtləşməsi və mümkün eskalasiya ehtimalları qlobal risk iştahını azaltdı. Bu vəziyyət enerji bazarlarında risk premyasını artırdı və investorların təhlükəsiz aktivlərə yönəlməsini sürətləndirdi.

FED sədrliyi xəbəri: Kevin Vorş namizədliyi və bazar reaksiyası

Həftənin ən həssas siyasi-iqtisadi xəbərlərindən biri Donald Trampın FED sədrliyi üçün namizəd olaraq Kevin Vorşu elan etməsi oldu. Bu açıqlama bazarlarda dərhal Federal Ehtiyatlar Sisteminin müstəqilliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirdi. Kevin Vorşun daha sərt və bazar müdaxilələrinə açıq monetar yanaşma ilə tanınması investorların gələcək faiz və balans siyasəti ilə bağlı gözləntilərini dəyişdirdi. Nəticədə, bu xəbər qısa müddətdə bazarlarda risk algısını yüksəltdi, dolların davranışını qeyri-sabit etdi və təhlükəsiz aktivlərə yönəlişi sürətləndirdi.

ABŞ dolları: dalğalı, lakin nisbətən güclü mövqe

ABŞ dolları həftə ərzində qarışıq dinamika nümayiş etdirdi. Faiz endirimi gözləntiləri dollar üçün mənfi faktor olaraq qalsa da, ABŞ–İran gərginliyi və qlobal risklər dolların qısamüddətli təhlükəsiz liman funksiyasını gücləndirdi. Nəticədə dollar indeksi kəskin trend formalaşdırmadan, dalğalı hərəkətlərlə ticarət olundu.

Kriptovalyuta bazarları: likvidasiya dalğası və inam itkisi

Eyni tarixlərdə 29-30 yanvar kriptovalyuta bazarlarında da kəskin çöküş baş verdi. Bitkoin və aparıcı altkoinlərdə sürətli enişlər müşahidə olundu ki, İnvestAz nalaitikləri bu prosesi əsasən leverajlı mövqelərin kütləvi likvidasiyası, riskdən qaçış davranışının güclənməsi və investorların likvid aktivlərə yönəlməsi ilə izah edirlər. Qızıl və gümüşdə baş verən korreksiya ilə paralel olaraq kripto bazarındakı bu çöküş, investorların yüksək riskli aktivlərdən eyni anda çıxış etdiyini göstərdi. Bu hadisə kriptovalyutaların böhran anlarında hələ də tam “təhlükəsiz alternativ” kimi qəbul olunmadığını bir daha ortaya qoydu.

Neft: gərginlik fonunda dəstək, amma dalğalı ticarət

Neft bazarlarında ABŞ-İran gərginliyi qiymətlərə dəstək verdi. Körfəz bölgəsində mümkün təchizat riskləri “Brent” və “WTI” qiymətlərində risk premyasını artırsa da, qlobal tələbin zəif artımı və təchizatın nisbətən stabil qalması kəskin yüksəlişin qarşısını aldı. Nəticədə neft qiymətləri dalğalı, lakin dəstəklənmiş dinamika nümayiş etdirdi.

Cari həftə ərzində əsas diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına, ABŞ-da açıqlanacaq əmək bazarı hesabatı, xüsusilə NFP göstəricilərinə, eləcə də Avropa, İngiltərə və Avstraliya Mərkəzi Banklarının faiz qərarlarına və bankilərin çıxışlarına yönələcək.

Avrozonada dərc olunacaq inflyasiya hesabatı, həmçinin, Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.

EUR

Ötən həftəyə 1.18650 həddində başlayan EURUSD məzənnəsi 1.20830 səviyyəsinə qədər bahalaşıb. Lakin, həftənin sonuna doğru dolların kəskin bahalaşması fonunda məzənnədə sər eniş yaşandı həftəni 1.18530 səviyyəsində tamamladı.

Hazırda 1.18600 hədlərində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.19000 həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Keçən həftyə 1.36390 həddində başlayıb, 1.38660 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi ötən həftənin sonuna sürətlə ucuzlaşaraq həftəni 1.36830 səviyyəsində tamamladı. Hazırda, 1.36770 hədlərində ticarət olunan paritetin qiyməti 1.36000 həddinin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.

XAUUSD

Həftənin ilk günlərində geosiyasi risklər fonunda güclü yüksələn qızıl və gümüş, 29 və 30 yanvar tarixlərində kəskin satış təzyiqi ilə üzləşdi. İnvestAz analitikləri buna bir neçə əsas səbəbi olduğunu qeyd edirlər;

Birincisi, qızıl və gümüşün əvvəlki həftələrdə rekord səviyyələrə yaxınlaşması fonunda kütləvi mənfəət realizasiyası (profit-taking) baş verdi. İkincisi, ABŞ dollarının həftənin sonuna doğru nisbətən möhkəmlənməsi qiymətli metallara təzyiq göstərdi. Üçüncüsü isə bazarlarda risklərin qismən yenidən qiymətləndirilməsi və spekulyativ uzun mövqelərin sürətlə bağlanması enişi daha da dərinləşdirdi. Xüsusilə gümüş bazarında yüksək volatillik və likvidliyin zəif olması satış dalğasını kəskinləşdirdi.

InvestAZ-da hesab aç, gümüş bazarına çıxış əldə et.

Bu eniş geosiyasi risklərin azaldığını deyil, daha çox bazarın texniki və psixoloji baxımdan həddindən artıq yükləndiyini göstərdi.

Ötən həftəyə 5008$-dan başlayan qızıl bahalaşaraq 5598$-a qədər yüksəldi. 29 və 30 yanvar tarixlərində kəskin satış təzyiqi ilə üzləşərək 4688$-a kimi ucuzlaşan sarı metal ötən həftəni 4850$-da tamamladı. Yeni həftəyə enişlə başlayan qızıl hazırda 4660$-dan təklif edilir.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Избранный
21
9
apa.az

10Источники