RU

Fərid Qayıbov: “Qazanılan medallar Azərbaycan gəncliyinin potensialının bariz göstəricisidir”

“İdman və gənclər siyasəti sahəsində atılan hər bir addım ölkəmizin gələcəyinə yönəlmiş strateji baxışın tərkib hissəsidir. Bu baxış həm beynəlxalq arenada əldə olunan uğurlarda, həm də ölkə daxilində formalaşan sağlam və fəal gənclik modelində öz əksini tapır.

Gələn il İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıqla bağlı Koordinasiya Komissiyasının iclasında Oyunların təşkili və icrası ilə əlaqədar əsas məsələləri müzakirə etdik. İlk dəfə 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının yaratdığı irsin İstanbulda da uğurla davam edəcəyinə və idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə inanıram”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevral ayını dəyərləndirərkən deyib.

O bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi gənclər və idman siyasətimizin əsas istiqamətlərindən biridir: “Koreya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Kımqu Kanq ilə görüş zamanı mövcud əməkdaşlıq əlaqələrini və yeni perspektivləri müzakirə etdik”.

Nazir vurğulayıb ki, bu il ölkəmiz ilin ilk beynəlxalq idman yarışını “Şahdağ” Turizm Mərkəzində qəbul edib: “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri təkcə idman yarışı deyil, həm də regionların idman potensialının nümayişi baxımından mühüm hadisə oldu. Yunan-Roma və sərbəst güləş, eləcə də boks üzrə ölkə çempionatlarında şahidi olduğumuz gərgin mübarizə Azərbaycan idmanının inkişaf dinamikasını aydın şəkildə göstərir. İl ərzində artan rəqabət idmançıların ustalığının yüksəlməsinə və yeni istedadların üzə çıxmasına real töhfə verir”.

F.Qayıbov bildirib ki, federasiyaların fəaliyyəti bu inkişafın əsas dayaqlarından biridir: “Atletika, atçılıq və üzgüçülük federasiyalarının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransları görülən işlərə yenidən baxmaq və qarşıdakı mərhələlər üçün daha dəqiq hədəflər müəyyənləşdirmək imkanı yaratdı”.

Onun sözlərinə görə, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və idmanın kütləviləşdirilməsi əsas prioritetlərimizdəndir: “Güləş Federasiyasının dəstəyi ilə Göyçayda güləş zallarının istifadəyə verilməsi, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının köməyi ilə Bakıda “JGBJJ Academy Azerbaijan” ciu-citsu zalının açılması uşaq və gənclərin idmana marağının artırılmasına xidmət edir. Ənənəvi olaraq beynəlxalq arenada uğur qazanan idmançılarımızla görüşlər keçirdik, onların fikir və təkliflərini dinlədik. Sumqayıt şəhərində Qubadlı və Sumqayıt sakinləri ilə keçirilən vətəndaş qəbulu, eləcə də federasiya nümayəndələri ilə baş tutan görüşlər mövcud çağırışların birgə həllinə imkan yaradır”.

F.Qayıbov “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsini 10 xalla başa vuraraq pley-off mərhələsinə yüksəlməsini komandamızın növbəti tarixi uğuru kimi qiymətləndirib: “Qarabağ”ı və azarkeşlərini bu qürurverici nailiyyət münasibətilə təbrik edirəm. İdmanla yanaşı, gənclərimizin müxtəlif sahələrdə qazandıqları uğurlar da sevindiricidir. ABŞ-ın Orlando şəhərində keçirilən “NEO Science Grand Final 2026” olimpiadasında qazanılan qızıl və gümüş medallar Azərbaycan gəncliyinin potensialının bariz göstəricisidir”.

O, həm də Bakı Dövlət Universiteti ilə birgə təşkil edilən, 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümummilli lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” forumu ilə bağlı danışıb:

“Tələbələrin fəallığı gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlərin effektivliyini bir daha nümayiş etdirir. 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” statusu qazanan Bakı artıq bu missiyanın icrasına başlayıb. Qarşıda bizi daha dinamik, daha zəngin və daha iddialı idman ili gözləyir. İnanıram ki, paytaxtımız həm beynəlxalq yarışlar, həm də kütləvi idman tədbirləri ilə iloyu dünyanın diqqət mərkəzində olacaq”.

İdman.Biz
Избранный
13
1
idman.biz

2Источники