Almaniyanın Federal Baş Prokurorluğu Rusiyanın hərbi-sənaye kompleksini Avropa İttifaqının (Aİ) tətbiq etdiyi embarqo altındakı mallarla gizli yollarla təmin etməkdə şübhəli bilinən şirkətlər şəbəkəsinə qarşı əməliyyatlara başlayıb.
Xezerxeber.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, istintaq Rusiyanın Ukrayna ilə müharibəsinin başlamasından az sonra - 2022-ci ilin martında Lübek şəhərində alman-rus iş adamı tərəfindən təsis edilmiş şirkətlə bağlı aparılır. İstintaqa əsasən, şəriklərin və saxta şirkətlərin köməyi ilə gizli tədarük şəbəkəsi vasitəsilə Rusiyaya ümumi dəyəri azı 30 milyon avro olan 16 mindən çox göndəriş həyata keçirilib. Bu göndərişlər arasında Aİ-nin embarqo siyahısında yer alan bir sıra mallar da olub. Əməliyyat nəticəsində beş nəfər saxlanıb.
Prokurorluq təqsirləndirilən şəxsləri cinayətkar birlik yaratmaqda ittiham edir. Əsas şübhəli qismində saxlanılan şəxsin 70-dən çox pozuntuya yol verdiyi bildirilir. İstintaq çərçivəsində digər saxlanılanlar da var. Əməliyyat tədbirləri zamanı Lübek, Frankfurt-Mayn, Nürnberq və bir sıra digər şəhərlərdə çoxlu sayda ofis və yaşayış məkanlarında axtarışlar aparılıb, ümumilikdə 30 milyon avro dəyərində mal müsadirə edilib.
Prokurorluğun açıqlamasında qeyd olunur ki, sözügedən tədarük şəbəkəsinin arxasında Rusiya dövlət qurumlarının dayandığı ehtimal edilir.