RU

“Brend tələbə”lərdən gənclərə: uğur zəhmət və inamla qazanılır...

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Cəmiyyətin dinamik və aparıcı qüvvəsi olan gənclər ölkənin sosial, iqtisadi və intellektual inkişafında mühüm rol oynayır. Gənclərin potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının dəstəklənməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu əlamətdar gün münasibətilə

AzEdu.az Təhsil Portalı müxtəlif ali təhsil müəssisələrində təhsil alan, aktivliyi və uğurları ilə seçilən “Brend tələbə”lərlə əlaqə saxlayaraq Gənclər Gününün onlar üçün nə ifadə etdiyini, uğura gedən yolun hansı mərhələlərdən keçdiyini və həmyaşıdlarına mesajlarını öyrənib.

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi, prezident təqaüdçüsü, eyni zamanda həmin fakültənin tələbə dekanı, "Brend tələbə" Eldar Baxşəliyev bildirib ki, Gənclər Günü sadəcə təqvimdə bir tarixdən ibarət deyil:

176950

"Bu gün mənə xatırladır ki, söz demək, nələrisə dəyişmək və nəsə etmək gücü məhz biz gənclərin əlindədir. Hər bir gənc cəmiyyətdə tutduğu mövqeyə uyğun olaraq, öz üzərində işləməli və inkişafa meylli olmalıdır. 

İstənilən uğura gedən yol bu yolda çəkilən zəhmətlə başlayır. Həmin yolda qarşıya çıxan çətinliklərdən çəkinməmək, əksinə bu çətinlikləri dəf etmək üçün həll yolları axtarmaq lazımdır. Öz üzərimdə işləmək, heç bir informasiyaya gərəksiz kimi yanaşmamaq və daim öyrənməyə açıq olmaq məni formalaşdırıb. Düşünürəm ki, bumərhələyə gəlməyimdə ən vacib amil geniş və hərtərəfli biliyə sahib olmaq istəyi olmuşdur. Mən yaxşı dərk edirəm ki, indi oxuduğum, öyrəndiyim bir cümlə belə, gələcəkdə bir həkim kimi kritik vəziyyətlərdə nə dərəcədə lazımlı ola bilər.

Hansı ki, insan sağlamlığı həmin cümləyə bağlıdır. Peşəkar həkimdən güclü analitik düşünmə, düzgün qərarvermə və sosial ünsiyyət bacarığı tələb olunur. Öz ixtisasını dərindən bilən peşəkar həkim kimi formalaşmağım üçün bu gün aldığım təhsilin böyük əhəmiyyəti var. Buna görə də təhsil həyatımı mümkün ən yüksək səviyyədə təşkil etməyə çalışıram.  

Yaşıdlarıma bircə şeyi demək istəyirəm, özünüzə güvənin. Bəzən biz özümüzü başqaları ilə müqayisə edirik, amma bu yanlış yoldur. Hər kəsin təcrübəsi, tempi və həyat hekayəsi fərqlidir. Əsas olan öz yolunda getmək və səhv etsən də öz yoluna davam etməkdir. Sonda isə yaşıdlarıma seçdiyi peşə və ixtisasa aid elmi biliklərə dərindən yiyələməyi tövsiyə edirəm".

Azərbaycan Universtetinin (AU) Humanitar və sosial elmlər fakültəsinin tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri, "Brend tələbə" Solmaz İlyaszadə qeyd edib ki, Gənclər Günü mənim üçün gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rolu, onların intellektual potensialını və sosial məsuliyyətini əks etdirən simvolik bir gündür:

176951

"Bu gün bizə xatırladır ki, dövlətin və cəmiyyətin gələcəyi bilikli, fəal və təşəbbüskar gənclərin düşüncəsi və fəaliyyəti üzərində formalaşır. Gənclər Günü mənə həm şəxsi inkişaf yolumda daha böyük məsuliyyət hissi qazandırır, həm də ətrafımdakı gəncləri elmə, innovasiyaya və ictimai aktivliyə yönləndirmək baxımından güclü motivasiya verir.

Bu mərhələyə çatmağımda əsas amil məqsədlərimi dəqiq müəyyənləşdirməyim və daim öz üzərimdə sistemli şəkildə çalışmağım olub. Mən uğuru təsadüf deyil, planlı fəaliyyətin və davamlı zəhmətin nəticəsi kimi dəyərləndirirəm. Qarşılaşdığım çətinliklər isə mənim üçün maneə deyil, əksinə, xarakterimi formalaşdıran və daha güclü olmağıma səbəb olan inkişaf mərhələləri olub. Müəllimlərimin dəstəyi və sağlam akademik mühit də bu prosesdə mühüm rol oynayıb".

Təhsil mənim üçün yalnız akademik biliklərin əldə olunması deyil, eyni zamanda düşüncə tərzinin, dünyagörüşünün və liderlik keyfiyyətlərinin formalaşmasıdır

"Aldığım təhsil mənə analitik yanaşma, problem həll etmə bacarığı və strateji düşünmə qabiliyyəti qazandırır.Tələbə Elmi Cəmiyyətində sədrlik fəaliyyətim isə bu biliklərin praktik müstəvidə tətbiqinə, təşkilati təcrübə qazanmağa və gənclərin elmi potensialının üzə çıxarılmasına şərait yaradır. Bu da gələcək karyera yolum üçün möhkəm və dayanıqlı bir baza yaradır.

Həmyaşıdlarıma əsas mesajım budur ki, öz potensiallarını düzgün dəyərləndirsinlər və şəxsi inkişaflarına daim investisiya etsinlər. Müasir dövrdə uğur yalnız arzu ilə deyil, bilik, məsuliyyət və davamlı fəaliyyətlə əldə olunur. Gənclər olaraq biz passiv mövqedə qalmaq əvəzinə, cəmiyyətin inkişafında aktiv rol almalıyıq. Çünki gələcəyin keyfiyyəti bugünkü gənclərin düşüncə səviyyəsi və fəaliyyətindən birbaşa asılıdır.Son olaraq demək istəyirəm ki,uğur özünə inanmaqla başlayır".

Bakı Ali Neft Məktəbinin (BAMM) kimya mühəndisliyi ixtisasının tələbəsi, "Brend tələbə" Nəzrin Əhmədovanın sözlərinə görə,Gənclər Günü mənim üçün gənclərin cəmiyyətdə rolunun və potensialının dəyərləndirildiyini göstərən bir gündür:

176949

"Ölkəmizdə gənclərə göstərilən diqqət, onların inkişafı üçün yaradılan imkanlar və özlərini fərqli sahələrdə sınamaq şansı biz gənclər üçün çox önəmlidir. Məhz gənclərin potensialını aşkar etməsi və öz yolunu tapması üçün yaradılan imkanlar məni davamlı çalışmağa motivasiya edir. Bu gün mənə göstərir ki, biz gənclərə inanırlar və ölkənin gələcəyi kimi görürlər.  Bu məsuliyyət hissi məni daha çox çalışmağa və üzərimdə işləməyə sövq edir.

Bu mərhələyə gəlməyimdə ən vacib amillərdən biri özümə inanmaq və davamlı olmaqdır. Hər şey həmişə istədiyim kimi getməyib, hər başladığım işdə çətinliklər də olub. Amma heç vaxt yolun yarısında dayanmaq istəməmişəm. Məqsədimin olması, ailəmin dəstəyi və davamlı çalışmağım mənə çox kömək edib. Eyni zamanda, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan yararlanmaqdan çəkinməmişəm, qarşıma çıxan şansları maksimum dəyərləndirməyə çalışmışam. Məhz bu nüanslar bu gün olduğum mərhələyə gəlməyimdə rol oynayıb.

Təhsilim mənə yalnız mühəndislik sahəsində bilik qazandırmır, eyni zamanda analitik düşüncəmi inkişaf etdirir və düzgün qərarlar verməyi öyrədir. Universitetdə aldığım biliklər, işlədiyim layihələr, qoşulduğum beynəlxalq və yerli proqramlar, eyni zamanda müəllimlərimin dəstəyi gələcək planlarımı daha real və məqsədyönlü qurmağıma kömək edir. Təhsil sayəsində öz sahəmi daha yaxşı anlayıram və gələcəkdə cəmiyyət üçün faydalı bir mütəxəssis olmağı hədəfləyirəm. Fikrimcə, uğurun əsas təməli ilk növbədə güclü və keyfiyyətli təhsildir.

Həmyaşıdlarıma demək istədiyim əsas mesaj odur ki, ilk növbədə özünüzə inanın və daim davamlı olaraq üzərinizdə çalışın. Qarşınıza çıxan şansları tərəddüd etmədən dəyərləndirin və onları buraxmayın. Təhsilə və dərslərə ciddi yanaşmaq da çox vacibdir, çünki bu, uğurlu gələcəyin əsasını təşkil edir. Səhv etməkdən qorxmayın, çünki hər səhv sizi daha da güclü edir və öyrədir. Ən əsası isə xəyallarınıza doğru hər zaman inamla addımlayın. Gənclər günümüz mübarək!".

AzEdu.az Təhsil Portalı olaraq biz də bütün gəncləri Gənclər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, uğur və daim irəliyə doğru inamla addımlamaq arzulayırıq. Gələcəyimiz olan gənclərimizə güvənirik!

Избранный
17
1
azedu.az

2Источники