RU

Telefonunuzdakı mesajlar sizi riskə ata bilər Mütəxəssislər xəbərdarlıq edir

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müasir dövrdə smartfonlarda saxlanılan şəxsi məlumatlar fırıldaqçılar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Ekspertlər bildirirlər ki, telefonda qorunan bəzi mesajlar və fotolar dələduzların internet-bankinqə çıxış əldə etməsinə və ya vətəndaşların adına kredit rəsmiləşdirməsinə imkan yarada bilər.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bir çox istifadəçi telefonunun təhlükəsizliyini təmin etdiyini düşünsə də, diqqətsizlik ciddi maliyyə itkiləri ilə nəticələnə bilər. Bu baxımdan mütəxəssislər telefonda saxlanılması təhlükəli olan məlumatlara qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.

Bildirilir ki, şəxsi məlumatların yer aldığı mesajlar – ad, soyad, ata adı, pasport məlumatları, identifikasiya kodu, ev ünvanı, bank kartı nömrəsi, PIN və ya CVC kodlar dərhal silinməlidir. Həmçinin bank və digər onlayn hesabların bərpası üçün istifadə olunan gizli suallara cavab tapıla bilən mesajlar da risk yaradır.

Mütəxəssislər banklardan göndərilən birdəfəlik SMS kodlarının da telefonda saxlanılmamasını məsləhət görür. Qeyd olunur ki, bu cür mesajlar fırıldaqçılar üçün əlavə ipucu rolunu oynaya bilər.

Bununla yanaşı, üzərində sənəd nömrələri və digər vacib məlumatlar aydın görünən sənəd fotoları xüsusi təhlükə hesab olunur. Ekspertlərin sözlərinə görə, bu cür şəkillər hesabların sındırılması, adlara saxta profillərin yaradılması və məlumatların "darknet”də satılması üçün istifadə edilə bilər.

Eyni zamanda banklarla yazışmaların nüsxələrini, təsdiq kodları, elektron biletlər, çeklər və qəbzlərin telefonda saxlanılması da təhlükəsizlik risklərini artırır. Mesencerlərdə "Saxlanılanlar” bölməsində və "Qeydlər” tətbiqində qorunan şəxsi məlumatlar da mütəmadi olaraq yoxlanılmalı və silinməlidir.

Ekspertlər telefondakı fayllar silindikdən sonra zibil qutusunun da boşaldılmasını tövsiyə edirlər. Çünki silinmiş məlumatlar burada həftələrlə qala bilər. Bundan əlavə, Google Drive, iCloud və digər platformalarda saxlanılan ehtiyat nüsxələrin yoxlanılmasının vacibliyi vurğulanır.

Mütəxəssislər qeyd edirlər ki, sadə təhlükəsizlik qaydalarına əməl etməklə şəxsi və maliyyə məlumatlarının qorunması mümkündür.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
qaynarinfo.az

1Источники