RU

“Heydər Əliyevin gənclər strategiyası bu gün də aktuallığını qoruyur” –ÖZƏL

"Müasir dövrdə gənclər siyasəti dünyada nəsillər arasında bağlılığın və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində innovativ imkanlar yarada bilən mühüm vasitə kimi səciyyələnir. Qloballaşan və sürətlə inkişaf edən dünyada gənclərə öz potensiallarını reallaşdırmaq üçün zəruri şəraitin yaradılması onların ümumi ictimai tərəqqidə xüsusi rolunu təmin edir".

Bu fikirləri 2 Fevral - Gənclər Günü ilə bağlı Olaylar.az-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib. O bildirib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən vizionu ölkənin sosial dəyişikliklərinin əsas subyekti və eyni zamanda böyük innovativ qüvvəsi sayılan gənclərin strateji əhəmiyyətini vaxtında dəyərləndirmişdir. Azərbaycan gəncliyinin rifah dolu gələcəyinin təmin edilməsi, onların istedad və potensial imkanlarının aşkarlanması, tətbiq sahələrinin genişləndirilməsi, gənclərin bir fərd və şəxsiyyət kimi formalaşması üçün zəruri şəraitin yaradılması Heydər Əliyevin idarəçilik siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.
Belə ki, Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti inteqrativ xarakter daşımalı, ölkənin bütün subyektləri üçün inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsində mühüm alət kimi istifadə olunmalı, gənclər isə cəmiyyətin yenilənməsi prosesinə maksimum şəkildə cəlb edilməli idi.
Heydər Əliyev dövlət başçısı səlahiyyətlərini icra etməyə başladığı ilk dövrlərdə, 1993-cü ilin 22 sentyabrında keçirilən görüşlərindən birini məhz gənclərlə təşkil etmişdir. Bu fakt gənclərə göstərilən diqqətin və onların dövlət siyasətində tutduğu yerin bariz nümunəsidir.
Dahi liderin gənclərlə bağlı həyata keçirmək istədiyi siyasətin əsas məqsədi ölkə gənclərini günün tələblərinə uyğun, gələcəyin çağırışlarına cavab verən, milli dəyərlərə həssas yanaşan, vətənpərvər, dünya mədəniyyətinə açıq, innovativ və rəqabətədavamlı bir səviyyəyə çatdırmaq idi.
Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində müxtəlif dövlət proqramlarının hazırlanması, onların ayrı-ayrı sahələrdə reallaşdırılması, mühüm vəzifələrin gənclərə həvalə olunması prosesi sürətlə inkişaf edirdi. Bu sahədə ən mühüm təşəbbüslərdən biri də Heydər Əliyevin 1996-cı ildən etibarən irəli sürdüyü və şəxsi təşəbbüsü ilə keçirilən Gənclər Forumları olmuşdur.
Təsadüfi deyildir ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir."
Gənclərə diqqət və qayğının daha da artırılması məqsədilə Heydər Əliyevin 1997-ci il Sərəncamı ilə 2 fevral tarixi "Gənclər günü" kimi qeyd olunmağa başlanmışdır. Bundan əlavə, "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" müxtəlif fərman və sərəncamların imzalanması ulu öndərin bu sahəyə göstərdiyi xüsusi diqqətin bariz ifadəsidir.

"Müstəqil Azərbaycan Respublikasının qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, cəmiyyətin ardıcıl sosial-iqtisadi və mədəni inkişafının təmin olunması, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin prinsiplərinə uyğun şəxsiyyətin harmonik inkişafına nail olunması, Azərbaycan gənclərinin Vətənin müdafiəsinə və inkişafına hazırlanması kimi məsələlərin həlli gənclər təşkilatlarının daha da sürətlə inkişaf etdirilməsini zəruri edir.
Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlıqda uğurlu fəaliyyəti isə Azərbaycan haqqında pozitiv beynəlxalq ictimai fikrin formalaşmasında müstəsna rol oynayır", - deyə G. Aslanlı sonda əlavə edib.
 
Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
olaylar.az

1Источники