RU

Qanunsuz “azadlıqdan məhrumetmə ilə” məşğul olan tibb işçiləri...



Əməkdar jurnalist Nəsimi Nəbizadə və Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərovun müalicə aldığı müəssisə kimi tanınan “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin iki əməkdaşı-Elşad Məhərrəmov və Natiq Əliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Məlumata görə, lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.

Bir neçə gün əvvəl Nəsimi Nəbizadənin “Qurtuluş” Reabilitasiya Mərkəzində narkotik asılılığından aldığı müalicədən imtina edərək qaçıb gizlənməsi barədə xəbər yayıldı. Bəzi sosial media istifadəçiləri Nəsimi Nəbizadənin sözügedən Mərkəzdə işgəncə gördüyünü və bu səbəbdən qaçıb gizləndiyini iddia edirdi. Olaydan sonra jurnalist Fərid Azəri mərkəzlə bağlı diqqətçəkən paylaşım etdi. “Özünü “Qurtuluş” adlandıran, amma qeyri-peşəkarın rəhbətlik etdiyi, qeyri-peşəkarların toplaşdığı "reabilitasiya mərkəzi"nin fəaliyyəti niyə araşdırılmır? Niyə aidiyyəti qurumlar bu "mərkəzin" hansı əsaslarla fəaliyyət göstərdiyini sorğulamır? Müalicə və reabilitasiya prosesi Səhiyyə Nazirliyinin, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir.

Nəyə görə bu qurumlar Ceyhun Salmanov adlı şəxsin hansı əsaslarla mərkəzinə gələnləri saxladığını, hansı tibbi protokollarla müalicə aparıldığını araşdırmır? İşgəncə iddialarını araşdırmaq isə polisin səlahiyyətindədir. Nəsimi Nəbizadəni məsxərə obyektinə çevirən bu şəxs cəzalandırılmalıdır”- deyə F.Azəri yazırdı.

Həmin vaxt “Qurtuluş” Reabilitasiya Mərkəzinin hazırda saxlanılan rəhbəri Ceyhun Salmanov mətbuata açıqlamasında işgəncə iddialarını təkzib etmişdi: “Bir insanı necə zorla saxlamaq olar? Biz onu Qarabağa gəzməyə aparmışıq, Milli Qəhrəman Salatın Əsgərovanın qəbrini ziyarət etmişik, ona qarşı xoş rəftar olunub. Məcburi saxlanılan adam elə olur? İddialar əsassızdır”.

Milli.az-ın əldə etdiyi məlumata görə, Sumqayıtda yerləşən "Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə alan şəxslərdən biri metal əşya udaraq intihara cəhd edib. “Buna səbəb isə həmin şəxsin orada zorla saxlanılması olub. Müalicə alan şəxs oranı tərk etmək istəsə də, buna imkan verilməyib, zorla azadlığı məhdudlaşdırılıb. Eyni zamanda mərkəzdə müalicəsini başa vurmuş şəxslərin işçi kimi çalışdırıldığı faktları da üzə çıxıb. Həmin şəxslərin digərlərinin müalicə prosesində hansı formada iştirak etdiyi isə məlum deyil”. Bu fikirləri sözügedən sayt yazıb.

Medianın yazdığına görə, barəsində cinayət işi başlanılan "Qurtuluş" Reabilitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıblar.

Mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər. Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.

İradə SARIYEVA

Избранный
1
baki-xeber.com

1Источники