RU

Kənd yerlərindəki vəziyyət gənclərin regionlardan köçünü sürətləndirir - Deputat

"Problemlərimizdən biri torpaq icarəsi və torpaqdan istifadə prosedurlarının mürəkkəbliyi, eləcə də kənd yerlərində fəaliyyət göstərən istehsal və emal müəssisələri üçün stimulların kifayət qədər olmamasıdır. Bu cür maneələr kənd təsərrüfatı istehsalını zəiflədir, investisiya axınını azaldır və nəticə etibarilə gənclərin regionlardan köçünü sürətləndirir".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Razi Nurullayev qeyd etdi.

Depuatat təklif etdi ki, torpaq icarəsi və istifadəsi ilə bağlı prosedurlar qanunvericilik səviyyəsində sadələşdirilsin, xüsusilə kənd yerlərində fəaliyyət göstərən emal müəssisələri üçün vergi və sosial güzəştlər tətbiq olunsun:

"Bu addımlar kənd yerlərində əlavə dəyərin formalaşmasına, istehsalın inkişafına daha güclü stimul verməyə imkan yaradacaq. Eyni zamanda hesab edirəm ki, kəndlərin inkişafı ilə bağlı ayrıca bir qanunun qəbuluna ciddi ehtiyac var. Belə bir qanun ölkəmizdə həyata keçirilən “ağıllı kənd” layihələri üçün hüquqi baza formalaşdırar. Çünki bu təşəbbüslər qanunvericilik səviyyəsində sistemləşdirilmədiyi halda, onların davamlı və vahid dövlət siyasətinə çevrilməsi çətin olacaq. Qəbul ediləcək qanun kənd təsərrüfatı, emal sənayesi, məşğulluq, sosial infrastruktur və rəqəmsal həlləri vahid çərçivədə birləşdirərək kəndlərin uzunmüddətli inkişaf modelini formalaşdıra bilər. Məqsədimiz yalnız kənd təsərrüfatı istehsalının artırılması olmamalı, kəndləri yaşanan, işlənən və gələcək vəd edən məkanlara çevirmək, gənclərin bu regionlarda qalmasını təmin etmək və ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirmək olmalıdır".

Nuriyyə NATİQQIZI

Избранный
25
1
redaktor.az

2Источники