Bildiyimiz kimi, 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Gənclərinin 1-ci Forumu keçirildi. 1997-ci ildən isə Müstəqil Azərbaycanın yaradıcısı olan bu dahi şəxsiyyətin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olundu. Məhz buna görə də Gənclər Gününü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlamaq ən gözəl bir missiyadır. Onun öz xalqına yadigar qoyub getdiyi bu gün respublikamızda hər il müxtəlif tədbirlərlə əsl bayram olur. Cənub qapımız sayılan Astara rayonunda da belə.
“2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə Astara Heydər Əliyev Mərkəzində növbəti dəfə dəyirmi masa təşkil olundu.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxışında gənclərin ölkənin ictimai-siyasi həyatındakı roluna toxunan Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov onu da bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər dövlətin etibarlı dayağına çevriliblər. Dövrün tələblərinə uyğun olaraq gənclərin milli-mənəvi dəyərlərə sadiq, savadlı və təşəbbüskar olmaları olduqca vacibdir.
Digər natiqlər- Astara Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Nihad Allahverdiyev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova gənclərin bütün sahələrdəki fəal fəaliyyətindən danışdılar. Həmçinin vurğulandı ki, gənclərlə görülən işlər onların potensialının üzə çıxarılması, ictimai-siyasi biliklərinin artırılması istiqamətində mühüm rol oynayır və bu istiqamətdə görülən işlər mütəmadi olacaqdır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü