Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İran hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar üçün etimadın bərpasını şərt kimi müəyyən edib. Bu haqda İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, İran və Amerika Birləşmiş Ştatları arasında etimaddan danışmaq bir qədər skeptik görünür:
"Çünki belə bir etimad ümumiyyətlə yoxdur, olmayan şeyi də bərpa etmək mümkün deyil. Ona görə də mənə elə gəlir ki, bu ifadə daha çox Amerika Birləşmiş Ştatlarının arzu etdiyi ssenari üzrə müharibəni qısa müddətdə bitirmək üçün hələ hazır olmamasıdır. “Etimadın bərpası” ya da “danışıqlara qayıdaq” kimi ifadələr də tam hazır olana qədər vaxt udmağa hesablanıb@.
Müsahibimiz ABŞ-nin müharibəyə hazır olmamasının səbəblərindən də danışdı:
1. Amerika və onun müttəfiqləri mövqelərini strateji kontekstdə çoxdan dəqiqləşdiriblər. Bu, ilk növbədə, hazırda baş tuta biləcək mümkün müharibənin nəticələrinin 12 günlük müharibə kimi olmamasıdır. 12 günlük müharibədə əgər ABŞ və onun müttəfiqlərinin hədəfi sadəcə İranın nüvə istehsalı ilə, nüvə silahı yaratmaqla bağlı xüsusi təyinatlı istehsal müəssisələri idisə, bu gün ABŞ-nin İranla bağlı hədəfi həm də siyasi hədəfdir, yəni rejimi dəyişməkdir. Burda məsələ mürəkkəbləşir. İrandakı siyasi rejimi dəyişdikdən sonra uzunmüddətli xaosun yaşanmaması üçün hansı ssenari lazımdır və hakimiyyəti kimə vermək lazımdır, ya da hakimiyyətin formasını necə müəyyənləşdirmək lazımdır? Ona görə ABŞ-yə bir qədər vaxt lazımdır.
2. 12 günlük müharibədən fərqli olaraq, Amerikanın hücumları ilə bağlı önləyici tədbirlər görmək üçün İranın artıq peyk məlumatları əldə edə biləcək texniki imkanları yaranıb. Təqribən bir ay bundan əvvəl İrana məxsus süni peyklər Rusiya üzərindən, Rusiyanın texniki vasitələri ilə kosmosa çatdırıldı. Bu isə, əlbəttə ki, Amerikanın hərbi vasitələrinin də izlənməsi üçün İrana imkanlar verdi.
3. Cənubdan İrana çox böyük dəstək gəlir və bu dəstək cəmi bir neçə gün bundan əvvəl İrana çatıb. İran artıq ABŞ-dən gələ biləcək mümkün raketləri zərərsizləşdirmək imkanları əldə edib — bu bir ehtimaldır.
4. Hava hücumundan müdafiə sistemləri əldə etməklə hava sahəsini bağlamaq imkanları əldə edib. Yəni 12 günlük müharibədə olduğu kimi artıq İsrailin və yaxud Amerikanın ağır bombalar daşıyan qırıcı təyyarələri İranın hava məkanında sərbəst dolaşa bilməyəcək. Bu da bir ehtimaldır. Amma görünür, bu ehtimalların hər birinin gerçəklik payı olduğu üçün Amerika hesab edir ki, bütün bunlara qarşı daha ciddi hazırlıqlı olmalıdır ki, nəticəni əldə etsin. İran ətrafında məsələlər mürəkkəbdir və mürəkkəb olaraq da qalır. Ona görə də bir qədər gözləmək lazımdır. Post-Xamenei dövrü ilə bağlı Amerika nə etməli sualının cavabını nə vaxt tapacaq? Bax, əsas məsələlərdən biri budur. Amma, əlbəttə ki, mənim sadaladığım o ehtimalların heç biri o qədər güclü deyil ki, onlara İran Amerikaya qarşı duruş gətirə bilsin. İkinci məsələ onların gerçəklik payının nə qədər olmasıdır, bunu da zaman göstərəcək.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.