Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki:“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” Və bu sözlər öz həqiqi qiymətini 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatında aldı. Gənclərimiz öz qanları-canları hesabına işğala son qoydu. Azərbaycanda erməni faşizmini məhv etdi. Gənclərimiz idman yarışlarında, elm və bilik olimpiadalarında Azərbaycanın bayrağını, adını ucalara qaldırır.
Son illərin idarəetmə təcrübəsi göstərir ki, gənclər siyasətinə sırf sosial müdafiə və ya məşğulluq tədbirləri çərçivəsində yanaşmaq kifayət etmir. Əslində, gənclərin inkişafı ilə bağlı qəbul edilən qərarlar daha geniş kontekstdə — milli təhlükəsizlik, insan kapitalının keyfiyyəti və dövlətin uzunmüddətli strateji davamlılığı prizmasından qiymətləndirilməlidir. Bu səbəbdən gənclər siyasəti dövlət idarəçiliyinin yardımçı sahəsi deyil, onun funksional struktur elementlərindən biri kimi çıxış edir.
Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin formalaşması da məhz bu yanaşma üzərində qurulmuşdur. Bu siyasət müxtəlif dövrlərdə qəbul edilmiş epizodik qərarların toplusu deyil, mərhələli şəkildə inkişaf edən və zamanla institusional çərçivəyə salınan dövlət strategiyasıdır. İdeoloji əsaslar Ümummilli Lider Heydər Əliyevin siyasi kursunda müəyyən edilmiş, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən müasir çağırışlar kontekstində davam etdirilmiş, sosial-humanitar istiqamət isə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində daha sistemli xarakter almışdır.
Bu baxımdan Azərbaycan Respublikasında gənclər siyasəti ayrıca təşəbbüslər toplusu kimi deyil, vahid dövlət idarəetmə modelinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasında gənclər siyasətinin ideoloji mahiyyəti gənclərin cəmiyyətin passiv üzvü deyil, dövlətin gələcək inkişafında aktiv rol oynayan sosial qrup kimi qəbul edilməsinə əsaslanır. Bu yanaşma Heydər Əliyevin siyasi fəaliyyətində ardıcıl şəkildə müşahidə olunur və zamanla dövlətçilik fəlsəfəsinin mühüm komponentlərindən birinə çevrilmişdir. Onun gənclərlə bağlı mövqeyi yalnız sosial qayğı ilə məhdudlaşmır, eyni zamanda strateji dövlət maraqları ilə uzlaşdırılmış konseptual baxış kimi formalaşır.
Bu ideoloji xətt sonrakı mərhələdə normativ-hüquqi müstəvidə möhkəmləndirilmişdir. 1990-cı illərin ortalarından etibarən qəbul edilən fərman və sərəncamlar gənclər siyasətinin ayrıca və prioritet dövlət siyasəti istiqaməti kimi formalaşmasına hüquqi zəmin yaratmışdır. 2 Fevral — Azərbaycan Gəncləri Gününün təsis edilməsi isə gənclərin dövlət tərəfindən ayrıca sosial-siyasi subyekt kimi tanınmasının institusional ifadəsi kimi dəyərləndirilə bilər.
2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə dövlət siyasətinin məqsəd və prinsiplərini sistemləşdirmiş, gənclərin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsini dövlətin məsuliyyət dairəsinə daxil etmişdir.
Azərbaycan gənclər siyasətinin səciyyəvi cəhətlərindən biri onun institusional baxımdan mərkəzləşdirilmiş və əlaqələndirilmiş icra mexanizmləri üzərində qurulmasıdır. Müvafiq icra strukturlarının yaradılması və onların fəaliyyətinin hüquqi çərçivədə tənzimlənməsi bu siyasətin yalnız deklarativ xarakter daşımadığını, real icra alətləri ilə dəstəkləndiyini göstərir.
Mövcud mexanizmlər bir neçə əsas istiqaməti əhatə edir:
gənclərin təhsil və intellektual potensialının inkişafı;
sosial müdafiə və inklüzivlik tədbirlərinin genişləndirilməsi;
vətənpərvərlik və dövlətçilik dəyərlərinin təşviqi;
gənclərin ictimai-siyasi fəallığının artırılması;
beynəlxalq gənclər mübadiləsi və inteqrasiya prosesləri.
Bu çərçivədə istedadlı gənclərin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. “Qızıl kitab” layihəsi, dövlət təqaüdləri və xaricdə təhsil proqramları istedadın təsadüfi deyil, planlı şəkildə aşkar edilməsi və inkişaf etdirilməsinə yönəlmiş dövlət yanaşmasının institusional ifadəsi kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət gənclər siyasəti əvvəlki mərhələlərlə müqayisədə daha funksional və nəticəyönümlü xarakter almışdır. Dövlət başçımız hər zaman deyir ki, “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”. Bəli, gənclərimiz bizim tariximizi, keçmişimizi, milli dəyərlərimizi yaxşı bilməlidir! Bu dəyərlərin qorunması və təbliğ olunmasında gənclərimizin, xüsusilə intellektual, ictimai-siyasi fəal gənclərin, yəni sizlərin rolu böyük var. Və olmalıdır. Bunun üçün də ilk növbədə savadlı olmalı və təhsilinizin inkişafına xüsusi önəm verməlisiniz. Ölkə başçımız, partiyamızın sədri cənab İlham Əliyevin, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənclərə münasibəti hamımız görürük. Prezidentimiz İlham Əliyev hər zaman gənclərə müraciətində deyir ki:
Ölkəmizin gələcəyinin sizin əlinizdə olduğunu unutmayın;
ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə belə ümidinizi itirməyin;
təhsilə böyük əhəmiyyət verin;
peşəkar və fəal olun;
milli ruhda, vətənpərvərlik ovqatında tərbiyə alın;
dövlət maraqlarını, milli mənafeyi, müstəqilliyi layiqincə qoruyun.
Cənab Prezidentin gənclərə olan münasibəti bir daha onu göstərir ki, gənclər dövlətin avanqardıdır və onlara olan diqqət və qayğı əvəzsizdir.
Bu gün dövlət gənclərin siyasətinin tənzimlənməsi, gənclərə dəstək məqsədilə dövlət orqanları – Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu fəaliyyət göstərir. Yaradıcı və idmançı gənclərlə bağlı dövlət proqramları var və xüsusi təqaüd verilir. Gənc ailələrə güzəştli ipoteka krediti verilir. Qanunvericilik bazamızda – Ailə Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Təhsil haqqında” “Sosial təminat haqqında” Azərbaycan Respublikasının Qanunlarında və digər qanunvericilik aktlarında da gənclərə güzəştlər verilir, şərait yaradılır.
Müasir yanaşmada gənclər yalnız sosial dəstək obyektləri kimi deyil, eyni zamanda dövlət idarəçiliyinin ehtiyat kadr potensialı, innovativ iqtisadi inkişafın mənbəyi və milli təhlükəsizliyin sosial dayağı kimi qiymətləndirilir. “Yüksəliş” müsabiqəsi, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri və könüllülük hərəkatı bu yanaşmanın praktik mexanizmləri kimi çıxış edir.
Dövlət gənclər siyasətinin sosial-humanitar istiqaməti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində daha sistemli və əhatəli xarakter almışdır. Təhsil, mədəniyyət, səhiyyə və sosial inklüzivlik sahələrində həyata keçirilən layihələr gənclərin yalnız peşəkar bacarıqlarının deyil, eyni zamanda sosial məsuliyyət və mənəvi dəyərlərinin formalaşmasına yönəlmişdir. Bu yanaşma gənclər siyasətinin cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən inklüziv xarakterini daha da gücləndirmişdir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmışdır.
Azərbaycan Respublikasında dövlət gənclər siyasəti ardıcıl ideoloji xətt, möhkəm normativ-hüquqi baza və funksional institusional mexanizmlər üzərində qurulmuşdur. Bu siyasət ideoloji baxımdan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə, icra mexanizmləri baxımından Prezident İlham Əliyevin idarəetmə yanaşmasına, sosial-humanitar məzmun baxımından isə Mehriban Əliyevanın təşəbbüslərinə əsaslanır. Beləliklə, Azərbaycan gənclər siyasəti ayrı-ayrı şəxsi təşəbbüslərin cəmi deyil, uzunmüddətli dövlət strategiyasıdır. Gənclər bu strategiyada həm siyasətin əsas hədəfi, həm də onun real nəticəsi kimi çıxış edir və dövlətin gələcək dayanıqlılığı bu siyasətin effektivliyi ilə birbaşa bağlıdır.
Gənclər milli inkişafın əsas hərəkətverici qüvvəsidir, innovasiyanı, sosial transformasiyanı və davamlı gələcəyi təmin edir. Ölkə əhalisinin əhəmiyyətli bir hissəsini təmsil edən gənclər könüllülük, siyasət, rəqəmsallaşma və iqtisadiyyatda fəal iştirak edir, stereotipləri dağıdır və bərabərsizliyi azaldır. Gənclər texnoloji tərəqqinin və modernləşmənin əsas hərəkətverici qüvvələridir, müxtəlif sahələrdə yaradıcı həllər təqdim edirlər. Könüllülükdə, sosial ədalət uğrunda mübarizədə və cəmiyyətin mədəni inkişafına layiqli töhfələr verirlər. Gənc əhali gələcəyin işçi qüvvəsini formalaşdırır, iqtisadi artıma və davamlı inkişaf prosesində mühüm rol oynayırlar. Gənclər enerjisi və yaradıcılığı davamlı, yaşıl və inklüziv gələcəyi formalaşdıran liderlər kimi qəbul edilir.
Bir daha Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edirik! Gənclərimizə can sağlığı, fəaliyyətlərində uğurlar diləyirəm, firavan həyat və xoşbəxtlik arzulayıram!
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor