RU

"Uşaqlar arasında populyar "Roblox" - "Valideyn nəzarəti olmadan risklər yaranır"

"Roblox" son illər uşaqlar və yeniyetmələr arasında ən çox istifadə olunan onlayn oyun platformalarından birinə çevrilib. Oyun təkcə əyləncə deyil, eyni zamanda ünsiyyət və virtual sosiallaşma imkanı yaratdığı üçün uşaqlar arasında sürətlə yayılıb. Mütəxəssislər isə bu populyarlığın valideyn nəzarəti olmadan risklər yarada biləcəyini qeyd edirlər.

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, uşaqları sosial şəbəkələrdən və sosial şəbəkə tipli oyunlardan uzaq tutmaq vacibdir:

"Çünki uşaqlar bu tip oyunlarda özlərinə komfort zonası yaradır və zamanla həmin oyunlardan asılı vəziyyətə düşə bilərlər. Əgər uşaq ailədə görmədiyi ünsiyyəti oyunlarda tapırsa, həmin oyun onun üçün ailəni əvəz etməyə başlayır",- deyə o bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələr və bəzi oyun platformaları uşağın diqqətini parçalayır, öyrənmə vərdişlərini zəiflədir və real ünsiyyətə marağını azaldır:

"Bu təhlükə hiss edildiyi anda valideynlər uşaqlarla olan emosional bağlılığa yenidən baxmalıdırlar. Əgər uşaq davranışlarında adekvat olmayan ifadələrdən istifadə etməyə başlayırsa, bu zaman psixi sağlamlıq mütəxəssisinə müraciət edilməsi zəruridir. Təhrikedici məzmunlu oyunlardan və trend adı altında yayılan zərərli davranışlardan valideynlər uşaqları uzaq tutmalıdırlar. Aqressiya, təşviş, asılılıq, özünə inamın zədələnməsi, depressiv hallar və özünə zərər riski emosional bağlılığın düzgün formalaşmamasının nəticəsidir.Emosional bağlılıq olmalıdır".

Psixoloq vurğulayıb ki, ailədə dialoq qurulmalı, valideynlərlə övladlar arasında səmimi münasibət formalaşmalıdır:

"Oyunların hər uşağa təsiri fərqlidir və buna görə də uşaqlara fərdi yanaşmaq vacibdir. Onlara nəzarət edilməlidir, lakin bu nəzarət tərbiyə məqsədi daşımamalı, onları qorumağa xidmət etməlidir.Uşaq anlamalıdır ki, o tək deyil və onun həyatı yalnız ağıllı cihazlardan ibarət deyil. Evdə diqqət və ünsiyyət çatışmazlığı yaşayan uşaqlar bu boşluğu rəqəmsal dünyada doldurmağa çalışır və özlərini orada tapırlar", - deyə Rövşən Nəcəfov əlavə edib.

Seyranə Quliyeva 

Missiya.Az 

Избранный
20
missiya.az

1Источники