RU

Norveçdə vəliəhd şahzadənin oğlunun məhkəməsi başlayır

Stokholm, 2 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

Fevralın 3-də Osloda Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu – 29 yaşlı Marius Borq Heybinin cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

AZƏRTAC xəbər verir ki, müttəhim 38 cinayətdə, o cümlədən dörd təcavüz, keçmiş partnyoruna qarşı məişət zorakılığı, bir neçə yol hərəkəti qaydalarının pozulması və polis əməkdaşlarını təqib etməkdə ittiham olunur. Təqsirkar bilinəcəyi təqdirdə onu 10 ilə qədər həbs cəzası gözləyir.

İttihamnaməyə görə, bəzi cinayətlər yatmış və ya sərxoş vəziyyətdə olan insanlara qarşı törədilib. Mariusun münasibətdə olduğu iki qadın da daxil olmaqla, yeddi nəfər zərərçəkmiş qismində tanınıb. Heybi bir neçə daha yüngül ittiham üzrə - fərdi zorakılıq, əmlaka ziyan vurma, öldürməklə hədələmə, sürət həddini aşma və 2020-ci ildə 3,5 kq marixuana daşıma təqsirlərini etiraf edib. Lakin o, təcavüz də daxil olmaqla ən ciddi ittihamları rədd edir.

Məhkəmə heyəti zərərçəkmişlərin, şahidlərin və ekspertlərin ifadələrini dinləyəcək. Prosesdə texniki sübutlar əsas rol oynayacaq. Polis Heybinin elektron cihazlarında çoxlu sayda foto və videomaterial tapıb ki, ittiham tərəfinin fikrincə, bunlardan bəziləri iddia edilən cinayətlərlə bağlıdır. Məhkəmə prosesi medianın diqqətini cəlb edib, Norveçdən və digər ölkələrdən təxminən 200 jurnalistin prosesdə iştirakı gözlənilir. Kral ailəsinin nümayəndələri dinləmələrdə iştirak etməyi planlaşdırmırlar.

Məhkəmə prosesi 19 mart tarixinə qədər davam edəcək.

Избранный
10
1
azertag.az

2Источники