RU

Bahar Muradova Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edib

Ərəb Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qahirə şəhərində “Dini və media müzakirələrindən istifadə və onun İƏT-ə üzv dövlətlərdə qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda keçirilən konfransda iştirak edib.

Konfrans çərçivəsində təşkil olunan “Qadınların müsbət rolları barədə ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin rolu” adlı sessiyada sualları cavablandıran Bahar Muradova media, mədəniyyət və incəsənətin qadın hüquqlarının təşviqində strateji əhəmiyyət daşıdığını bildirib.

Komitə sədri vurğulayıb ki, bu sahələr təkcə informasiya ötürən vasitələr deyil, həm də ictimai şüurun formalaşmasına, davranış modellərinin dəyişməsinə və gender bərabərliyinin təşviqinə xidmət edən “yumşaq güc” alətləridir.

Azərbaycan təcrübəsində media və rəqəmsal platformalar vasitəsilə qadınlar ictimai, iqtisadi və siyasi həyatın fəal subyektləri kimi təqdim olunduğunu qeyd edən B.Muradova, qadın liderliyi, sahibkarlıq, sülh quruculuğu və ailədaxili tərəfdaşlıq mövzularının sistemli şəkildə ictimai gündəmə çıxarıldığını əlavə edib.

B.Muradova vurğulayıb ki, media və mədəniyyət sahəsində fəaliyyətlər vahid dövlət siyasətinin tərkib hissəsi kimi koordinasiyalı şəkildə həyata keçirilir və bu yanaşma qadınların müsbət imicinin davamlı şəkildə möhkəmlənməsinə şərait yaradır.

Qadınların müsbət imicinin formalaşmasının yalnız mədəni təqdimatla deyil, onların real qərarvermə proseslərində fəal iştirakı ilə mümkün olduğunu qeyd edən Komitə sədri, Azərbaycanın bu istiqamətdə ardıcıl yanaşma tətbiq edərək qızların təhsilinin təşviqini əsas başlanğıc nöqtəsi kimi müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, Şərqdə ilk dünyəvi qızlar məktəbinin Azərbaycanda açılması qadınların ictimai rolunun legitimləşdirilməsində mühüm mərhələ olub və bu maarifçi ənənə bu gün də davam etdirilir. Dövlət Komitəsinin koordinasiyası ilə regionlarda maarifləndirmə, erkən evlilik risklərinin azaldılması və valideynlərlə dialoq aparılır, paralel olaraq qadınların icra, qanunverici və məhkəmə hakimiyyətində təmsilçiliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həyata keçirilir.
B.Muradova bildirib ki, qadın liderlərin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti gənc nəsil üçün real rol modelləri yaradır. Eyni zamanda qadın sahibkarlığı, məşğulluq və sosial layihələr qadınların iqtisadi müstəqilliyini gücləndirir. Beynəlxalq müstəvidə isə qadınların diplomatiyada, humanitar təşəbbüslərdə və “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyində fəal iştirakı Azərbaycanın müasir və inklüziv imicinin möhkəmlənməsinə töhfə verir. Bahar Muradova qeyd edib ki, bu ardıcıl və sistemli model İƏT məkanında digər ölkələr üçün də uyğunlaşdırıla bilən praktik nümunə kimi dəyərləndirilə bilər.
Sessiyalarla davam edən konfransın sonunda  Bahar Muradova Misir mediasının suallarını cavablandırıb.

Z.HÜSEYNOVA
XQ

Избранный
9
1
xalqqazeti.az

2Источники