Bakı, 2 fevral, AZƏRTAC
2025-ci ildə innovasiya ekosistemi üzrə fəaliyyət Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Fərid Osmanov qeyd edib ki, ötən il ərzində innovasiya və startap mühitinin inkişafı məqsədilə 300 minimum işlək məhsul (MVP) yaradılıb. İnnovasiya mühitinin gücləndirilməsi və startapların xarici bazarlara çıxışının dəstəklənməsinin Rəqəmsal İnkişaf Konsepsiyasının əsas prioritet istiqamətlərindən biri olduğunu deyən qurum rəhbəri bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində innovasiya mədəniyyətinin formalaşdırılması, hakatonlar, inkubasiya və akselerasiya proqramlarının təşkili, eləcə də ali təhsil müəssisələri ilə birgə layihələrin icra olunduğunu vurğulayıb.
“Yerli və xarici 18 özəl şirkətlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar icra olunub, “Digital Azerbaijan” təşəbbüsü çərçivəsində inkubasiya və akselerasiya istiqamətində təxminən 40 proqram keçirilib. 2025-ci ildə 22 startap ümumilikdə 2 milyon 622 min 500 dollar dəyərində investisiya cəlb edib. Eyni zamanda, 6 universitetdə 10-dan çox proqram və hakaton təşkil olunub, Lənkəran, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində innovativ sahibkarlığın təşviqi məqsədilə 10 regional proqram həyata keçirilib. “Rəqəmsal Akademiya” çərçivəsində 2025-ci ildə 5 strateji sessiya həyata keçirilib. Almaniya, Sinqapur, Səudiyyə Ərəbistanı kimi ölkələrə səfərlər təşkil olunub. 40-dan çox dövlət qurumunun nümayəndələri və 150-dən çox rəhbər şəxs tədris sessiyaya cəlb olunub”, - deyə İRİA sədri vurğulayıb.
Texnoparkların inkişafının innovasiya ekosisteminin əsas sütunlarından biri kimi diqqət mərkəzində saxlanıldığını sözlərinə əlavə edən F.Osmanov bildirib ki, hazırda texnoparklarda 165 rezident fəaliyyət göstərir ki, onlardan 10-u xarici şirkətdir: “Rezidentlər mövcud qanunvericiliyə uyğun olaraq vergi və inzibati güzəştlərdən yararlanır, texnoloji məhsul və xidmətlərin inkişafı üçün əlverişli mühit əldə edirlər. Bu amil qabaqcıl texnologiyaların ölkəyə cəlb edilməsinə və yerli startapların beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır”.