"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XV turunda "Şəki" ilə ev oyunundan sonra basketbolçuların göstərdiyi performansdan məmnun qalıb.
“İki sahil” xəbər verir ki, mütəxəssis sıx təqvimə baxmayaraq komandasının çıxışını yüksək qiymətləndirib.
H.Atlı rəqibi təbrik edərək öz oyunçularına təşəkkürünü bildirib:
"Rəqibi mübarizə əzminə görə təbrik edirəm. Öz oyunçularıma da "sağ ol" düşür. Çünki sıx təqvimdən uğurla çıxdıq. Üç həftəlik dövrü istirahət etmədən keçiririk. Səfərdə, evdə oynadıq. Doğrudan da çətin durum idi. Bu mərhələni uğurla dəf etmək bizim üçün önəm daşıyırdı".
Baş məşqçi komandanın gələcək hazırlıqlarından da danışıb:
"Son tura daxil oluruq. Göstərdiyimiz oyunu ən yaxşı hala gətirmək üçün çalışmağa davam edəcəyik. Basketbolçularımdan çox məmnunam. Hamısının əziyyətini qiymətləndirirəm. Son mərhələdə də çatışmazlıqları aradan qaldırıb ən yaxşı şəkildə oyun nümayiş etdirmək üçün səylərimizi davam etdirəcəyik".
Qeyd edək ki, "Gəncə" - "Şəki" matçı meydan sahiblərinin 95:80 hesablı qələbəsi ilə yekunlaşıb.