Son zamanlarda “Neftçi”dəki irəliləyiş özünü açıq şəkildə göstərir.
Hit.az bildirir ki, Yuri Vernidubun baş məşqçi təyinatından sonra klub yüksəlişə keçib. O, çox qısa müddət ərzində “Neftçi”ni toparlamağı bacarıb. Faktiki olaraq, ukraynalı mütəxəssis gəldikdən sonra futbolçularda özünəinam formalaşıb. Son olaraq, Premyer Liqanın 18-ci turunda “Neftçi” “Araz Naxçıvan”ı 4-0 hesabı ilə məğlub etdi. Üstəlik, matç boyu “Flaqman” rəqibindən üstün oynadı və sona qədər mübarizə apardı. 90+3-cü dəqiqədə vurulan qol da bunun sübutudur.
Eyni zamanda, bu oyunun əhəmiyyəti də çox idi. Belə ki, “Araz” “Neftçi”nin əsas rəqiblərindən biridir. Komandalar arasında 6 xal fərqi var idi. Paytaxt klubunun avrokuboklar hədəfini reallaşdırmaq üçün keçməli olduğu rəqiblərindən biri də məhz Naxçıvan təmsilçisi olduğunu xatırlatmaq yerinə düşər. Bu qələbədən sonra isə xal fərqi 3-ə endi.
“Neftçi” ilə 3-cü sıradakı “Turan Tovuz” arasındakı xal fərqi isə 6-ya düşdü. Ümumiyyətlə, bu tur paytaxt təmsilçisi üçün uğurlu oldu. Çünki onun əsas rəqibləri “Araz Naxçıvan”, “Turan Tovuz” və “Zirə” məğlub oldu. “Neftçi” isə qalib gələrək onların hər biri ilə arasındakı xal fərqini azaltdı. Növbəti turda “ağ-qaralar”ın avrokubok yolundakı rəqiblərindən “Sumqayıt”la “Zirə”nin bir-biri ilə, “Araz Naxçıvan”ın isə “Sabah”la oynaması üstünlükdür. Belə ki, “Neftçi” “Qəbələ”ni məğlub edəcəyi halda digər oyunların nəticələrindən asılı olaraq turnir cədvəlində yüksələ və avrokubok hədəfinə bir addım da yaxınlaşa bilər...
Elmir Mustafa